Zelenski Xmaranı müdafiə naziri gətirdi

Ukrayna Prezidenti Volodimir Zelenski general-mayor Yevgeni Xmaranı ölkənin müdafiə naziri vəzifəsini müvəqqəti icra edən şəxs təyin edib.

Konsensus.az xəbər verir ki, bu barədə Zelenski rəsmi açıqlama yayıb.

Prezident bildirib ki, Yevgeni Xmaraya müdafiə sahəsində islahatları davam etdirmək, ordunun döyüş qabiliyyətinin daha da gücləndirilməsi istiqamətində görülən işləri sürətləndirmək və qarşıya qoyulan bütün hədəflərin icrasını təmin etmək tapşırılıb.

"Lazımi hüquqi prosedurlar başa çatdıqdan sonra onun müdafiə naziri vəzifəsinə rəsmən təsdiqlənməsi üçün Ali Radaya müraciət edəcəyəm", – deyə Zelenski vurğulayıb.

Dövlət başçısının sözlərinə görə, Xmarayla keçirilən görüşdə Rusiyaya qarşı uzaqmənzilli əməliyyatların genişləndirilməsi, həmçinin təhlükəsizlik strukturları və Ukrayna Müdafiə Qüvvələrinin müasir silah və digər zəruri vasitələrlə təmin olunması məsələləri ətraflı müzakirə edilib.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fyodorov ölkə rəhbərliyində mümkün kadr dəyişiklikləri ilə bağlı açıqlama vermişdi. O, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski və Baş Qərargah rəisi Andrey Qnatovun dəyişdirilməsi halında ordunun daha effektiv fəaliyyət göstərə biləcəyini bildirmiş, həmçinin prezidentin müşaviri olmaq təklifindən imtina etdiyini açıqlamışdı.

16.07.2026 17:26