
Döyüş sənəti yalnız fiziki gücün nümayişi deyil o, eyni zamanda iradənin, ruhun və xarakterin polad kimi bərkidildiyi mənəvi fəlsəfədir. Karatenin ən sərt növü sayılan Kyokuşin məktəbinin zirvəsinə ucalmış, dahi ustad Şigeru Oyamanın tələbəsi olmuş və bu gün Dünya Oyama Kyokuşin Təşkilatına rəhbərlik edən Əziz Əşrəfovla həyatı, döyüş fəlsəfəsi və gələcək hədəfləri barədə həmsöhbət olduq.
Konsensus.az müsahibəni təqdim edir.
Qısa arayış
Əziz Əşrəfov 1979-cu ildə Bakı şəhərində anadan olub. O, Kyokuşin karate üzrə Dünya Oyama Kyokuşin Təşkilatının (WOKO) prezidenti, dünya çempionu, beynəlxalq dərəcəli idman ustası və 9-cu dan qara kəmər sahibidir.
Beynəlxalq turnirlərdə və dünya birinciliklərində yüksək nəticələr göstərərək Dünya Çempionu adını qazanmışdır. Fövqəladə fiziki və ruhi dözümlülük nümayiş etdirərək ayaq zərbəsi ilə eyni anda 10 beysbol bitasını sındırmış və adını dünya rekordçuları sırasına yazdırmışdır.
Beynəlxalq dərəcəli idman ustası kimi Moskva Maliyyə-Hüquq Universitetinin (MFUA) Fiziki tərbiyə və idman kafedrasında müəllim və mütəxəssis kimi fəaliyyət göstərmişdir. 2026-ci ilin fevral ayında Dünya Oyama Kyokuşin Təşkilat Komitəsinin qərarı ilə təşkilatın prezidenti (Kanço) vəzifəsinə seçilmiş, 9-cu dan qara kəmər rütbəsi təqdim olunmuşdur. Azərbaycan, Rusiya və digər ölkələrdə mütəmadi beynəlxalq seminarlar təşkil edir.
—Əziz müəllim, bu gün dünya idman ictimaiyyəti sizi Dünya Çempionu, WOKO Prezidenti və Kanço kimi tanıyır. Bəs bir azərbaycanlının bu idman növündə zirvəyə gedən yolu haradan başladı?
– Bilirsiniz, bu uğurun arxasında uşaqlıq illərindən başlayan, illərlə çəkilən böyük zəhmət, tər və tükənməz səbr dayanır. Mən 1979-cu ildə Bakıda doğulmuşam və cəmi 13 yaşımda idmanın bu sərt döyüş növü ilə məşğul olmağa başlamışam. Hər şey Xətai rayonunun Əhmədli qəsəbəsində yerləşən 171 nömrəli məktəbin idman zalında başladı. İlk addımlarımı orada atdım. Karatenin Kyokuşin və digər istiqamətləri üzrə Respublika və Bakı çempionatlarında dəfələrlə qalib gələrək çempionluq titullarına yiyələndim.
Bəlli bir təcrübə topladıqdan sonra müəllimlik fəaliyyətinə keçdim və yaponca "Sensey" adına layiq görüldüm. O vaxtlar zalım Gənclikdə, İdman Nazirliyinin nəzdində fəaliyyət göstərirdi. Tam 25 il aramsız, fədakar fəaliyyətimdən sonra dünya miqyaslı Kyokuşin karate ustadları mənim əməyimi, zalda yetişdirdiyim idmançıları görərək məni öz beynəlxalq seminarlarına dəvət etdilər.
Bu seminarlardakı çıxışımdan sonra dünya döyüş sənətinin əfsanəsi, 10-cu dan sahibi dahi ustad Soşu Şigeru Oyamanın birbaşa tələbəsi olmaq şərəfinə nail oldum. Ustadın xeyir-duası ilə Vətənimə karatenin bu möhtəşəm növü üzrə rəsmi nümayəndə kimi göndərildim və "Şihan" titulunu qazandım. Daha sonra istər Azərbaycanda, istərsə də beynəlxalq platformalarda komandamla göstərdiyimiz mükəmməl fəaliyyətin nəticəsi olaraq xaricdən dəvət aldım. Dünya Oyama Kyokuşin Təşkilatının Vitse-prezidenti vəzifəsinə təyin olundum və yüksək "Hanşi" adına layiq görüldüm. Karateni dünyada layiqincə təmsil etdiyimə, Dünya Çempionu titulu qazandığıma və göstərdiyim fədakarlıqlara görə mənə 9-cu dan qara kəmər — "Kanço" rütbəsi təqdim edildi. 2022-ci ilin fevralında isə Təşkilat Komitəsinin qərarı ilə Dünya Oyama Kyokuşin Təşkilatının (WOKO) Prezidenti seçildim.
—Sizi döyüş sənətinə, xüsusən də Kyokuşin kimi xüsusi iradə və dözüm tələb edən sərt bir üsluba gətirən əsas amil nə oldu?
– Mənim uşaqlığım Sovet dönəminə təsadüf edirdi. O zamanlar əlbəyaxa döyüş növləri rəsmi olaraq qadağan edilmişdi. Biz yalnız afişalarda, gizlin baxdığımız Brüs Linin filmlərində bu möhtəşəm döyüşləri görə bilərdik. Məhz o filmlərdəki mərdlik, cəsarət və döyüş ruhu bizdə əlbəyaxa döyüş növlərinə, xüsusilə karateyə sonsuz bir sevgi və maraq oyatdı. O sevgi bizi bütün qadağalara baxmayaraq bu yola gətirdi və həyatımızın mənasına çevrildi.
— Zəngin karyeranız ərzində onlarla çətin və gərgin döyüşünüz olub. İstər ruhani, istərsə də fiziki olaraq sizi ən çox sınağa çəkən, lakin həyatınızda ən böyük dərs verən döyüş hansı oldu?
– Tamamilə haqlısınız, idmançının formalaşmasında elə döyüşlər olur ki, onlar yalnız fiziki sınaq deyil, ruhun imtahanıdır. Mənim karyeramda ən çətin, gərgin və mənə ən böyük təcrübə qazandıran döyüşüm iranlı rəqibimlə olan qarşılaşmam idi. O döyüş mənə dözümün, taktiki səbrin və psixoloji dözümlülüyün nə dərəcədə həlledici olduğunu bir daha sübut etdi.
— Oyama Kyokuşin dünyada ən sərt və amansız idman növlərindən biri hesab olunur. Bu fəlsəfənin və üslubun gənc insanın xarakterini formalaşdırmaqda rolu nədir?
– Kyokuşin yalnız zərbə vurmaq və ya müdafiə olunmaq demək deyil. Ən birinci məsələ insan xarakterinin bərkiməsidir. Bu idman insanda mərdlik, sarsılmaz özünəgüvən, tərbiyə, böyüklərə hörmət və ən əsası cəmiyyət üçün faydalı bir şəxsiyyət olmaq keyfiyyətlərini formalaşdırır. Kyokuşin zalından keçən hər bir gənc həyatın hər cür çətinliyinə qarşı dik durmağı öyrənir.
— Müasir gənclik hər şeydə tez nəticə qazanmağa meyllidir. Karate isə illərlə davam edən zəhmət və səbr tələb edir. Tələbələrinizdə bu dözümü və sarsılmaz intizamı necə formalaşdırırsınız?
– Bilirsiniz, karate sadəcə idman deyil, o, incəsənətdir və dərin fəlsəfə ilə bağlıdır. İstər MFUA-dakı pedaqoji fəaliyyətimdə, istərsə də zallardakı məşqlərimdə tələbələrimə insanın əslində nəyə qadir olduğunu addım-addım aşılayıram. Onlara izah edirəm ki, insan yalnız əzələdən və bədəndən ibarət deyil; bizim ən böyük gücümüz ruhumuzdadır. Ruh bərkiyəndə bədən yorulmur, səbr isə qələbənin yeganə açarına çevrilir.
—Hazırda rəhbərlik etdiyiniz Dünya Oyama Kyokuşin Təşkilatının (WOKO) fəaliyyətini və beynəlxalq miqyasdakı mövqeyini necə qiymətləndirirsiniz?
– Təşkilatımızın hazırkı fəaliyyətini çox yüksək səviyyədə qiymətləndirirəm. Bu gün dünyanın 22 ölkəsində bizim rəsmi məktəblərimiz və filiallarımız fəaliyyət göstərir. Yaxın vaxtlarda möhtəşəm Dünya və Avropa çempionatlarının keçirilməsi nəzərdə tutulub. Sevindirici haldır ki, Azərbaycanda da Kyokuşin karate Şihan İnşallah Camalov və Şihan Fariz Rəhimovun peşəkar rəhbərliyi altında günbəgün inkişaf edir, kütləviləşir.
—Bəs Azərbaycanın bölgələrində Kyokuşin karateyə maraq nə dərəcədədir? Məktəblərin fəaliyyəti sizi qane edirmi?
– Bölgələrimizdə bu idman növünə maraq son dərəcə yüksəkdir. Nümunə üçün Füzuli rayonunu misal göstərə bilərəm. Füzulidə Dünya Kubokunun mükafatçısı Sensey Yavər İmanovun rəhbərliyi altında çox güclü və intizamlı Kyokuşin karate məktəbi fəaliyyət göstərir. Oradan istedadlı, vətənpərvər gənclər yetişir və respublika yarışlarında yüksək nəticələr göstərirlər.
—Valideynlər çox vaxt övladlarının Kyokuşin kimi sərt idman növündə zədə almasından ehtiyat edirlər. Bir mütəxəssis və ustad kimi onlara nə deyərdiniz: uşaqları neçə yaşından bu idmana yazdırmaq olar və qorxmağa dəyərmi?
– Anlamaq lazımdır ki, peşəkar idmanın olduğu hər yerdə zədə riski həmişə var və olacaq. Lakin hər şey düzgün yanaşmadan və insanın özündən asılıdır. Məşqdə və həyatda nizam-intizam, ustadın göstərişlərinə dəqiq əməl olunması dərəcəsi yüksək olduqda zədələrin qarşısını almaq tamamilə mümkündür. Mən bir peşəkar kimi valideynlərə övladlarını 11 yaşından etibarən Kyokuşin karateyə yönəltməyi məsləhət görürəm. Qorxmaq lazım deyil, bu idman onları fiziki və mənəvi cəhətdən tam hazır edir.
—Yaxın gələcəkdə rəhbərlik etdiyiniz mərkəzin təqvimində hansı böyük respublika və ya beynəlxalq turnirlər gözlənilir?
– Təqvimimiz oldukça zəngindir. İlin sonuna qədər Bakı şəhər çempionatı, Respublika turniri və xarici idmançıların da qatılacağı böyük beynəlxalq turnir keçirməyi planlaşdırırıq. Hazırlıq işləri yüksək səviyyədə devam edir.
— Deyə bilərikmi ki, Azərbaycan idmanı üçün yeni beynəlxalq çempionlar yoldadır?
– Bəli, əminliklə deyə bilərəm! Bizim xalqımızın çox cəsarətli, mərd və mübariz övladları var. Mən tam inanıram ki, bu gün zalda tər tökən gənclərimiz arasından gələcəyin Avropa və Dünya çempionları, bayrağımızı ucaldan fatehlər yetişir.
— Karate sizə şərəf, şöhrət, dünya miqyaslı uğur qazandırdı. Bəs həyatınızdan nələri aldı?
– Bu həyatın dəyişməz bir qanunu var: nəyisə böyük zirvədə əldə etmək üçün mütləq nəyisə qurban verməlisən. Düşünürəm ki, əsl karateçinin adi anlamda uşaqlığı olmur. O, bütün gəncliyini, vaxtını, rahatlığını və həyatını seçdiyi bu müqəddəs yola fəda edir.
—Keçdiyiniz bu ağır, lakin şərəfli yolda heç peşmanlıq hiss etdiyiniz anlar olubmu?
– Qətiyyən xeyr! Bircə an belə peşman olmamışam. Düşünürəm ki, bu dünyaya bir də gəlsəydim, heç tərəddüd etmədən ömrümü bir daha karateyə, döyüş sənətinə və gənclərin tərbiyəsinə həsr edərdim.
— Sonda oxucularımıza və idmana yeni başlayan gənc idmançılara uğurun əsas formulu olaraq nəyi tövsiyə edərdiniz?
– Birinci növbədə bu gözəl müsahibə üçün saytınızın rəhbərliyinə öz dərin minnətdarlığımı bildirirəm, sizə təşəkkür edirəm. Saytınızın oxucularına və idman yoluna yeni qədəm qoyan gənclərə tövsiyəm odur ki, heç vaxt özünüzə və gücünüzə olan inamı itirməyin. Seçdiyi yola inanaraq davam edən şəxs həmin yolu fəth edəcək. Bütün çətinliklərə, ağrılara və maneələrə baxmayaraq təslim olmayan insan sonda mütləq qalib gələcək!
Biz də sizə təşəkkür edirik, uğurlar arzulayırıq!
Müsahibəni aldı:
Anar ƏLİ