
ABŞ hökuməti 11 sentyabr hadisələrindən sonrakı fəaliyyət planını yeniləməyə çalışarkən, ölkənin hərbi və kəşfiyyat rəsmiləri Yaxın Şərqdəki iştirakın məhdudlaşdırılması məsələsini nəzərdən keçirirlər.
Konsensus.az xəbər verir ki, bu barədə CNN məlumatlı mənbələrə istinadla məqalə dərc edib.
Məlumata görə, son zamanlar hərbi və kəşfiyyat dairələrində, Tramp administrasiyasının İranla münaqişəni yekunlaşdıra biləcəyi təqdirdə, Yaxın Şərqdəki ənənəvi dislokasiya yerlərində şəxsi heyətin və obyektlərin sayının azaldılmasına dair qeyri-rəsmi müzakirələr gedir.
Bildirilir ki, 2001-ci ilin 11 sentyabr terror hücumlarının ardınca Birləşmiş Ştatlar Yaxın Şərq dövlətlərində - İraq, Əfqanıstan, Suriya, İran, Yəmən və Liviyada hərbi əməliyyatlar aparmaq və zərbələr endirmək üçün daimi hərbi və kəşfiyyat bazalarının sayını kəskin şəkildə artırmışdı. Yeni taktikaya keçid regiondakı ABŞ bazalarının müdafiə sistemlərinin olduqca zəif olması ilə əlaqələndirilir. Bu səbəbdən hazırda Vaşinqton mühafizəni gücləndirmək üçün yollar axtarışındadır.
Məqalədə qeyd olunur ki, bazaların möhkəmləndirilməsinə bəzi obyektlərin yeraltı məkana köçürülməsi daxildir. Pentaqon artıq xeyli vaxtdır ki, regiondakı bir sıra hərbi bazaların yerin altına keçirilməsi ehtimalını müzakirə edir. Bu fikir, xüsusilə müharibənin ilk həftələrindən sonra, İranın ABŞ bazalarının nə qədər həssas olduğunu nümayiş etdirməsindən sonra aktuallıq qazanıb.