
ABŞ Hərbi Dəniz Qüvvələri İrandan cənub-şərqdə, Ərəbistan dənizi akvatoriyasında "USS Princeton" raket kreyserini dislokasiya edib.
Konsensus.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz İnstitutunun informasiya xidməti məlumat yayıb.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) gəmi qruplaşmasına daxil olan bu kreyser ümumilikdə 122 raket daşımaq qabiliyyətinə malikdir. Gəminin arsenalına 1600 kilometr mənzilli 26 "Tomahawk" qanadlı raketi, sualtı qayıqlara qarşı 16 ASROC idarəolunan raketi, həmçinin 80 ədəd "Standard-2" və "Standard-3" zenit-raket kompleksi daxildir. Ekspertlər qeyd edirlər ki, İrana qarşı hərbi əməliyyatların planlaşdırıldığı dövrlərdə CENTCOM rəhbərliyinin sərəncamında bu dərəcədə güclü döyüş gəmisi mövcud olmayıb.
Vaşinqtonla Tehran arasında müəyyən memorandumların imzalanmasına baxmayaraq, Ərəbistan dənizində hələ də ABŞ Hərbi Dəniz Qüvvələrinin irimiqyaslı hərbi kontingenti qalmaqdadır. Hazırda bu dəniz qruplaşmasının tərkibində göyərtəsində 100-dən çox qırıcı təyyarə olan iki avia daşıyıcı (təyyarədaşıyan gəmi), bir kreyser, 13 raket esminesi və dəniz piyadalarının ekspedisiya taborunu daşıyan dörd böyük desant gəmisi yer alır.
Bir müddət əvvəl CENTCOM rəsmiləri bəyan etmişdilər ki, ABŞ ordusu bütün region boyu havada, quruda və dənizdə öz hərbi iştirakını və hazır vəziyyətini davam etdirir. (Anadolu Ajansı)