Akademik Rasim Əliquliyev: “Tibb Universitetində yaradılan yeni laboratoriya həm tədqiqatların, həm də tədrisin məzmununun yenilənməsinə əhəmiyyətli dəstək verəcəkdir”

Müasir dövrdə süni intellekt texnologiyaları qlobal miqyasda baş verən proseslərin əsas hərəkətverici qüvvələrindən birinə çevrilmişdir. Supergüc dövlətlər arasında rəqabətin getdikcə texnoloji müstəviyə keçdiyi bir şəraitdə Azərbaycanın xarici siyasətində də süni intellekt strateji prioritet kimi xüsusi yer tutur.

Konsensus.az xəbər verir ki, bu fikirləri AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasında Data-analitika və süni intellekt laboratoriyasının açılış mərasimində çıxışı zamanı səsləndirib. 

O qeyd edib ki, ölkəmizin ABŞ, Çin və Avropa Birliyi dövlətləri ilə əməkdaşlıq münasibətlərinin qurulmasında ənənəvi enerji təhlükəsizliyi ilə yanaşı, süni intellekt və rəqəmsal texnologiyalar da mühüm istiqamətlərdən biri kimi formalaşmaqdadır.

Azərbaycanın daxili siyasəti də bu qlobal tendensiyalarla tam uzlaşdırılır və ölkədə süni intellekt və rəqəmsal inkişaf sahəsində sistemli yanaşmalar tətbiq olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurasının yaradılması, eləcə də Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planının təsdiqlənməsi dövlət tərəfindən bu sahənin inkişafına göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. Hazırda ölkəmizdə rəqəmsallaşma istiqamətində mühüm addımlar atılır və rəqəmsal dövlətin texnoloji, data və şəbəkə suverenliyi kimi əsas arxitektur tələblərə cavab verməsi olduqca vacibdir. Bu məqsədlərə nail olmaq üçün dövlət idarəçiliyinin bütün səviyyələrində əlaqələndirilmiş fəaliyyət təmin edilməli və koordinasiya daha da gücləndirilməlidir.

Bu kontekstdə vətəndaşların sağlamlıq vəziyyətinə dair məlumatların toplanması, saxlanılması və sistemli şəkildə idarə olunması milli tibbi data ekosisteminin formalaşmasına, bununla da data suverenliyinin təmin edilməsinə real zəmin yaradır. Bu cür intellektual yanaşma xəstəliklərlə daha səmərəli mübarizə aparmağa, diaqnostikanın dəqiqliyini artırmağa, həmçinin ölkə üzrə sağlamlıq vəziyyətini obyektiv qiymətləndirməyə və gələcək riskləri öncədən proqnozlaşdırmağa geniş imkanlar açır. Bu mənada, Səhiyyə Nazirliyi tərəfindən vətəndaşların sağlamlıq məlumatlarının beynəlxalq standartlara uyğun şəkildə toplanması və fasiləsiz mübadiləsinin təmin edilməsi məqsədilə tətbiq edilən “Tibbi Rəqəmsal Əkiz Sistemi” səhiyyədə rəqəmsal transformasiyanın çox mühüm və təqdirəlayiq innovasiyasıdır.

Qeyd olunan çağırışlar fonunda Azərbaycan Tibb Universitetində (ATU) Data-analitika və süni intellekt laboratoriyasının fəaliyyətə başlaması ölkəmizin elmi və təhsil həyatında əlamətdar hadisədir. ATU-da süni intellekt, data-analitika və maşın təlimi texnologiyalarının bu laboratoriya çərçivəsində tədqiqi və tətbiqi həm böyük əhəmiyyət kəsb edən, həm də yüksək məsuliyyət tələb edən bir təşəbbüsdür. Bu istiqamətdə ilk addımlar təxminən 10 il əvvəl atılmış, ETN İnformasiya Texnologiyaları İnstitutu həmin dövrdən etibarən prosesə yaxından dəstək vermiş və institutumuzda Səhiyyə Nazirliyi ilə ATU-nun tərəfdaşlığı çərçivəsində rəqəmsal tibb problemlərinə həsr olunmuş bir sıra elmi konfranslar təşkil edilmişdir.

İnanıram ki, ATU-nun Tədris-Terapevtik Klinikasında fəaliyyətə başlayan Data-analitika və süni intellekt laboratoriyası müvafiq istiqamətdə fundamental araşdırmaların aparılması, tədrisin məzmununun yenilənməsi, tibbdə süni intellekt texnologiyalarının tətbiqi işinin genişləndirilməsi və bu sahədə yüksəkixtisaslı kadr hazırlığının həyata keçirilməsi baxımından yeni və nüfuzlu bir intellektual mərkəz funksiyasını layiqincə yerinə yetirəcəkdir. Rəhbərlik etdiyim İnformasiya Texnologiyaları İnstitutu bu istiqamətdə Azərbaycan Tibb Universitetinin fəaliyyətinə elmi-metodoloji dəstək verməyə və birgə əməkdaşlığı daha da dərinləşdirməyə hər zaman hazırdır. (ict.az)

22.06.2026 07:15