AMEA prezidenti Tbilisidə keçirilən beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun yaradılmasının 90 illiyinə həsr olunan “Ədəbiyyatşünaslıqda müasir problemlər” mövzusunda XVIII beynəlxalq simpozium keçirilib.

Konsensus.az xəbər verir ki, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində (TDU) təşkil olunan təntənəli açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, TDU-nun rektoru akademik Caba Samuşiya, Gürcüstanın təhsil, elm və gənclər nazirinin müavini Zviad Qabisoniya, eləcə də universitetin dekan və professor heyəti giriş nitqi ilə çıxış ediblər. Çıxışlarda regional və beynəlxalq akademik əməkdaşlıq perspektivləri diqqət mərkəzində saxlanılıb.

Simpozium çərçivəsində Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru, professor İrma Ratianinin “Gürcü Ədəbiyyatı İnstitutu – 90 il: Yol və əsas mərhələlər” mövzusunda məruzəsi dinlənilib, Tokio Universitetinin professoru Qikaru Fucin iclasda çıxış edib. Həmçinin qonaqlar universitetin muzeyində yubileyə həsr olunan “Ədəbiyyat İnstitutu: Tarixlər və fotoşəkillər” kitabının təqdimatı və foto-sərgi ilə tanış olublar.

Tədbirin ikinci günü “Milli ədəbiyyatlar üzrə tədqiqat mərkəzləri arasında akademik əməkdaşlıq və onun perspektivləri” mövzusunda dəyirmi masa təşkil edilib.

İclasda geniş məruzə ilə çıxış edən akademik İsa Həbibbəyli çoxillik tarixi ənənələrə malik Azərbaycan-Gürcüstan elmi əlaqələrinin yüksək səviyyədə davam etdirildiyini vurğulayıb. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Gürcü Ədəbiyyatı İnstitutu arasında elmi əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

15-dən çox ölkədən (Türkiyə, Özbəkistan, Yaponiya, Rusiya, Fransa, Polşa və s.) tanınmış tədqiqatçı alimlərin qatıldığı beynəlxalq simpoziumda 130-dan çox elmi məruzə dinlənilib, institutlararası elmi mübadilə proqramları və gələcək birgə layihələr müzakirə olunub.

28.09.2026 10:36