AMEA Rəyasət Heyətində jurnalistlər təltif edilib

İyulun 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində ölkə mətbuatının yaranmasının 151 illiyi münasibətilə tədbir təşkil olunub.

Konsensus.az xəbər verir ki, məclisi giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Milli Mətbuat Günü münasibətilə media mənsublarını təbrik edib, onlara şərəfli və məsuliyyətli fəaliyyətlərində müvəffəqiyyətlər diləyib.

Akademik İsa Həbibbəyli Həsən bəy Zərdabinin təməlini qoyduğu milli mətbuatımızın əsr yarımı aşan müddətdə şərəfli inkişaf yolu qət etdiyini, hər dövrdə qabaqcıl ictimai ideyaların carçısına çevrildiyini diqqətə çatdırıb. O, Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtinski, Üzeyir Hacıbəyli, Nəsir İmanquliyev kimi nəhəng ziyalıların mətbuat ənənələrinin formalaşması və tərəqqisindəki müstəsna xidmətlərini xüsusi vurğulayıb.

Azərbaycanın Türk dünyasında milli mətbuatın, teatr və opera sənətinin təməlinin qoyulduğu ilk ölkələrdən biri olduğunu qeyd edən alim, Həsən bəy Zərdabini bütün Türk dünyasının dahi mütəfəkkiri və jurnalistlərimizin mənəvi rəhbəri kimi səciyyələndirib.

AMEA rəhbəri bildirib ki, milli mətbuatımız ana dilimizin saflığının qorunması, milli-mənəvi dəyərlərin yaşadılması, ictimai fikrin yönləndirilməsi və müstəqil dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində əvəzsiz rol oynayıb. O, Ümummilli Lider Heydər Əliyevin senzuranı ləğv etməklə bağlı tarixi qərarının ölkədə azad mətbuatın və demokratik mühitin təşəkkülünə güclü təkan verdiyini xatırladıb. İsa Həbibbəyli Prezident İlham Əliyevin rəhbərliyi ilə mətbuata dövlət qayğısının ardıcıl şəkildə davam etdirildiyini diqqətə çatdıraraq, bu xüsusda Şuşada təşkil olunan IV Qlobal Media Forumunun əhəmiyyətini xüsusi qeyd edib.

Akademik, həmçinin Akademiyada və ali təhsil müəssisələrində fəaliyyət göstərən çoxsaylı elmi jurnalların elmi fikrin, maarifçiliyin və tədqiqat nəticələrinin cəmiyyətə çatdırılmasındakı rolunu yüksək qiymətləndirib. Vurğulanıb ki, müstəqillik illərində elmi, dövlət, maarifçi, uşaq və digər ixtisaslaşmış media qurumlarının formalaşması ölkəmizdə mətbuatın tərəqqisini və demokratik cəmiyyət quruculuğunu nümayiş etdirən mühüm göstəricilərdəndir. AMEA prezidenti bu gün milli mətbuatın elmin təbliğinə, cəmiyyətin maariflənməsinə və Azərbaycanın uğurlarının işıqlandırılmasına dəyərli töhfələr verdiyini ifadə edib.

Daha sonra AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri professor Vüqar Əhməd çıxış edərək, rəhbərlik etdiyi qurumda milli mətbuat irsinin qorunması və tədqiqi istiqamətində reallaşdırılan mühüm layihələrdən söhbət açıb. Qeyd olunub ki, institut tərəfindən “Məktəb”, “Ziya”, “Ziyayi-Qafqaziyyə” kimi tarixi dövri mətbuat nümunələri müasir Azərbaycan əlifbasına transliterasiya edilib, bir sıra nəşrlər üzərində isə işlər davam etdirilir. O, akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə ərsəyə gələn “Molla Nəsrəddin” ensiklopediyasını elmi və mətbuat tariximizdə əlamətdar hadisə kimi qiymətləndirib, bu nəşrin milli mətbuat irsinin öyrənilməsində müstəsna əhəmiyyət daşıdığını bildirib.

Tədbirdə “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı Zaur Əliyev çıxış edərək, Azərbaycan mətbuatının zəngin tarixi yolundan, cəmiyyətin maariflənməsi və mənəvi dəyərlərin qorunmasındakı müstəsna rolundan söz açıblar. Natiqlər modern medianın qarşısında duran əsas vəzifələrdən, peşəkar jurnalistikanın inkişafından, elm və media əməkdaşlığının vacibliyindən bəhs edərək, zəngin mətbuat ənənələrinin gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini diqqətə çatdırıblar.

Məclisdə AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri Ağahüseyn Şükürov da çıxış edərək, milli mətbuatın 151 illik zəngin irsinin bu gün də uğurla yaşadıldığını bildirib. O, Akademiyanın elmi nailiyyətlərinin Science.gov.az portalı, “Elm” qəzeti, “Elm və həyat” jurnalı, Elm TV və sosial şəbəkələr vasitəsilə operativ şəkildə ictimaiyyətə çatdırıldığını qeyd edib. Şöbə müdiri elmi tədbirlərin informasiya təminatı, photo/video çəkilişlər, press-relizlərin hazırlanması və alimlərin media ilə əlaqələrinin əlaqələndirilməsi sahəsində görülən işləri diqqətə çatdırıb. Ağahüseyn Şükürov, həmçinin son illər AMEA-nın sosial media fəaliyyətinin müasir standartlara uyğun şəkildə yenidən qurulduğunu vurğulayıb və jurnalistləri peşə bayramı münasibətilə təbrik edib.

Mərasimin sonunda bir qrup media mənsubu mükafatlandırılıb.

Qeyd edək ki, AMEA İctimaiyyətlə əlaqələr şöbəsinin məsul əməkdaşı, Konsensus.az analitik-informasiya portalınınn baş redaktoru Anar Turan, Crossmedia.az analitik-formasiya portalının baş redaktoru Mübariz Göyüşlü, “Xalq qəzeti”nin baş redaktorunun müavini Tahir Aydınoğlu, qəzetin şöbə müdiri Əli Nəcəfxanlı və digər jurnalistlər AMEA-nın fəxri "Döş nişanı"na layiq görülüblər.

Fidan

22.07.2026 12:16