“Apple” “Telegram”ı “App Store”dan sildi – Səbəb

"Apple" qanunsuz pornoqrafik məzmunla bağlı şikayət əsasında "Telegram" tətbiqini qısa müddətə "App Store"dan silib.

Konsensus.az xəbər verir ki, bu barədə "Telegram"ın təsisçisi Pavel Durov öz kanalında məlumat yayıb.

Onun sözlərinə görə, naməlum şəxs süni intellekt vasitəsilə hazırlanmış qanunsuz məzmunu redaktə edərək ictimai qruplardan birinə yerləşdirib. Məzmun qrup üzvlərinə görünmədiyi üçün vaxtında şikayət olunmayıb.

Durov bildirib ki, hücumu həyata keçirən şəxs qrup sahiblərindən pul tələb edən şantajçı olub. Onun sözlərinə görə, belə şəxslər qanunsuz məzmun yerləşdirdikdən sonra birbaşa "Apple"a şikayət edərək tətbiqin və ya kanalların bloklanmasına çalışırlar.

"Telegram" rəhbəri qeyd edib ki, "Apple" əvvəlcədən şirkətlə əlaqə saxlamadan tətbiqi "App Store"dan silib, lakin bir neçə saat sonra yenidən bərpa edib. O vurğulayıb ki, bu cür yanaşma istifadəçi məzmunu yerləşdirilən bütün mobil tətbiqlər üçün təhlükəli presedent yaradır.

04.08.2026 17:30