
Azərbaycanda qumar oyunlarının təşkili, keçirilməsi və bu oyunlar üçün yer ayrılması ilə bağlı cəzaların ciddi şəkildə ağırlaşdırılması nəzərdə tutulur.
Konsensus.az xəbər verir ki, Cinayət Məcəlləsinə təklif olunan yeni dəyişiklik layihəsində qumar fəaliyyətinin həm fiziki, həm də virtual məkanda təşkilinə görə sanksiyaların sərtləşdirilməsi əksini tapıb.
Yeni layihəyə əsasən, qumar oyunlarının internet şəbəkəsi, mobil rabitə, sosial şəbəkə platformaları, elektron rabitə vasitələri və mobil tətbiqlər üzərindən virtual formada təşkil edilməsi cinayət məsuliyyətini artıracaq. Eyni zamanda, qumar oyunlarının keçirilməsi və ya yer təşkil edilməsi əməli təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən həyata keçirildikdə, yetkinlik yaşına çatmayanlar bu oyunlara cəlb olunduqda və xeyli miqdarda gəlir əldə edildikdə cəzalar daha ağır olacaq. Bu hallara görə cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə tətbiq edilməklə, iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Əgər bu əməllər mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilərsə, yaxud külli miqdarda gəlir əldə etməklə müşayiət olunarsa, sanksiyalar daha da sərtləşəcək. Belə hallarda təqsirli şəxsləri üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Qeyd edək ki, hazırda qüvvədə olan qanunvericilikdə cərimələrin məbləği konkret aralıqda, yəni 10 min manatdan 15 min manatadək müəyyən edilib. Yeni layihə isə cərimə mexanizmini birbaşa qanunsuz fəaliyyətdən qazanılan vəsaitlə bağlayır. Belə ki, cərimənin məbləği sabit rəqəmlə deyil, cinayət nəticəsində əldə edilmiş gəlirin düz iki mislinədək miqdarda hesablanacaq ki, bu da qanunsuz gəlirlərin qarşısının alınmasında daha təsirli maliyyə sanksiyası rolunu oynayacaq.