Azad edilmiş ərazilərdə incəsənət təhsili üçün elektron müraciətlərin qəbuluna başlanıldı

Mədəniyyət Nazirliyi işğaldan azad edilmiş ərazilərdə uşaqların incəsənət təhsilinə əlçatanlığını təmin etmək və tədris prosesini təşkil etmək məqsədilə xüsusi elektron müraciət imkanı yaradıb.

Konsensus.az xəbər verir ki, Xankəndi şəhəri ilə yanaşı, Şuşa, Laçın, Kəlbəcər, Cəbrayıl və Zəngilan rayonlarında müxtəlif incəsənət istiqamətləri üzrə təhsil almaq istəyən şəxslər müraciətlərini "MyCulture" vahid şəxsi kabineti üzərindən təqdim edə bilərlər.

Daxil olan müraciətlər ərazilər və ixtisaslar üzrə təhlil edildikdən sonra formalaşan tələbata uyğun olaraq tədrisin təşkili, müvafiq ixtisasların müəyyənləşdirilməsi və müəllim təminatı istiqamətində zəruri adımlar atılacaq.

Bu çərçivədə artıq “MyCulture” platformasında işğaldan azad edilmiş ərazilər üzrə xüsusi müraciət bölməsi istifadəyə verilib.

10.09.2026 16:44