
“AzerGold” QSC müqəddəs Qurban bayramı münasibətilə növbəti genişmiqyaslı sosial dəstək layihəsini icra edib. Konsensus.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib. Cəmiyyətin fəaliyyət göstərdiyi bölgələri əhatə edən aksiya çərçivəsində Daşkəsən və Göygöl rayonlarında, həmçinin Naxçıvan Muxtar Respublikasında yaşayan 500-ə yaxın ailəyə bayram sovqatları paylanılıb.
Sosial yardım kampaniyası Naxçıvanın Culfa rayonunu, Göygölün Tülallar və Zurnabad kəndlərini, eləcə də Daşkəsəndə məskunlaşan Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrini, qaziləri və həssas təbəqədən olan sakinləri əhatə edib.
Səfərlər zamanı “AzerGold” QSC-nin və yerli icra hakimiyyətlərinin nümayəndələri ailələri ziyarət edərək onlara kollektivin bayram təbriklərini çatdırıb, müxtəlif zəruri ərzaq məhsullarından ibarət sovqatlar və qurban payları təqdim ediblər.
Qeyd edək ki, “AzerGold” QSC regionlarda əhalinin sosial rifahının yüksəldilməsi və ictimai həmrəyliyin gücləndirilməsi məqsədilə bu cür humanitar layihələri və icma dəstəyi proqramlarını mütəmadi olaraq davam etdirir.
