
Avstraliyada fəaliyyət göstərən “Southern Cryonics” mərkəzi ölümdən sonra yenidən həyata qayıtmaq arzusunda olan insanlara bədənlərini yüz minlərlə dollar qarşılığında dondurmaq imkanı təqdim edir.
Konsensus.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, Cənub yarımkürəsində analoqu olmayan bu obyekt hazırda yeddi "pasiyent"in nəhəng polad çənlərdə, -196 dərəcə Selsi temperaturda maye azot içində mühafizəsini təmin edir.
Kriogenik proses şəxsin ölüm faktı təsdiqləndikdən dərhal sonra işə düşür. Hüceyrələrin parçalanmasının və zədələnməsinin qarşısını almaq üçün təxminən 8 saat çəkən “vitrifikasiya” mərhələsində bədənə antifriz xassəli qoruyucu tərkiblər yeridilir, daha sonra lies maye azotlu çənlərə köçürülür. Meyitlərin konteynerlərdə başıaşağı vəziyyətdə saxlanılması isə həm sahəyə qənaət etməyə, həm də bədənin maye azotla tam əhatə olunmasına şərait yaradır.
Bu prosedur fantastik qiyməti ilə də diqqət çəkir. Mərkəzdə ilkin stabilləşdirmə mərhələsi təxminən 60 min dollar, müddətsiz mühafizə isə əlavə 150 min dollar təşkil edir. Bunlardan əlavə, müştərilər illik 350 dollar üzvlük haqqı və bədənin çəndə saxlanılması üçün təqribən 5 500 dollar ödəniş edirlər.
Lakin elmi ictimaiyyət bu üsula kifayət qədər şübhə ilə yanaşır. RMIT Universitetinin kriyopreservasiya mütəxəssisi Saffron Bryant qeyd edir ki, müasir elm bütöv insan orqanizmini bu cür qoruyub saxlamaq imkanına malik deyil. Ayrı-ayrı hüceyrə və embrionları dondurmaq mümkün olsa da, qoruyucu maddələrin bədənin bütün toxumalarına bərabər paylanması texniki olaraq mürəkkəbdir və fiziki zədələrə yol açır.
Ekspertlərin fikrincə, insanın ölümünə səbəb olmuş xəstəliyin dondurulma yolu ilə aradan qaldırılması imkansızdır, bədən funksiyalarının və insan şüurunun bərpası isə tamamilə fərqli və həll olunmamış problemlərdir. Bütün bu tənqidlərə baxmayaraq, “Southern Cryonics” müəssisəsinin rəhbəri Filip Rhoades düzgün qorunmuş bədənlərin 2080-ci illərdə yenidən həyata qaytarılmasının mümkün olacağına inanır. (Publika.az)
