
Bakı Beynəlxalq Təhsil Kompleksində (BBTK) AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyevlə görüş təşkil olunub.
Məktəbin müəllim heyəti və şagirdlərinin iştirak etdiyi tədbirdə açılış nitqi ilə çıxış edən BBTK-nin direktoru Sevda Quliyeva müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının (İKT), internetin və süni intellektin sürətli inkişafının cəmiyyətin bütün sahələrinə, o cümlədən təhsil sisteminə köklü təsir göstərdiyini vurğulayıb. O, bu istiqamətdə baş verən yeniliklərin gənc nəslin bilik və bacarıqlarının artırılması, müasir texnologiyaların imkanlarından səmərəli istifadə baxımından böyük əhəmiyyət daşıdığını bildirib. S.Quliyeva görüşün şagirdlər üçün yaddaqalan təcrübə olacağına və onların elmə marağının artırılmasına töhfə verəcəyinə inamını ifadə edib.
Akademik Rasim Əliquliyev çıxışı zamanı İnformasiya Texnologiyaları İnstitutunun əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Alim son sənaye inqilabları kontekstində süni intellekt, kibertəhlükəsizlik, kibersuverenlik, böyük verilənlər (Big Data), kvant informasiya texnologiyaları və digər aktual elmi-texnoloji istiqamətlər üzrə müasir tendensiyaları diqqətə çatdırıb.
Əmək bazarının xarakterinin dəyişməsi nəticəsində yeni peşələrin yaranmasına toxunan akademik proqram mühəndisliyi, kompüter mühəndisliyi, data elmləri və kibertəhlükəsizlik sahələrində yüksəkixtisaslı kadrlara tələbatın sürətlə artdığını qeyd edib. R.Əliquliyev şagirdləri dərslərinə məsuliyyətlə yanaşmağa, riyazi bilikləri və məntiqi təfəkkürü inkişaf etdirməyə çağırıb.
Akademik çıxışında uşaqların internet mühitində təhlükəsizliyinin təmin olunması məsələsini xüsusi qeyd edib. Nəzarətsiz internet istifadəsinin mənfi psixoloji fəsadlarına və kibertəhdidlərə diqqət çəkən alim bildirib:
“Bu sahədə mövcud problemlərin həlli və uşaqların rəqəmsal mühitdə müdafiəsinin gücləndirilməsi üçün qanunvericilik mexanizmlərinin təkmilləşdirilməsi ilə yanaşı, valideynlərin, təhsil müəssisələrinin, cəmiyyətin və aidiyyəti dövlət qurumlarının əlaqələndirilmiş fəaliyyəti son dərəcə vacibdir”.
AMEA-nın vitse-prezidenti rəhbərlik etdiyi institutun BBTK-nin müəllim və şagirdlərinə müasir texnologiyalar sahəsində bilik və bacarıqlarını artırmaq üçün hər zaman dəstək göstərməyə hazır olduğunu vurğulayıb.
Görüşün sonunda akademik Rasim Əliquliyev müəllim və şagirdlərin mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb.
