Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş mühüm nəşrlərin təqdimatı

Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Milli Kitabxanası və "Türk Dünyası Milli Kitabxanaları" İctimai Birliyinin birgə təşkilatçılığı ilə irihəcmli təqdimat mərasimi baş tutub.

Konsensus.az xəbər verir ki, "Türk Dünyası Həftəsi" çərçivəsində təşkil olunan tədbirdə "Birinci Türkoloji Qurultay: Stenoqrafik hesabat" və "Birinci Türkoloji Qurultay. Biblioqrafiya" kitabları ictimaiyyətə təqdim edilib, həmçinin Türk Dünyası Milli Kitabxanaları Birliyinin rəsmi təqdimatı keçirilib.

Yubiley tədbiri öncəsi Milli Kitabxananın qızıl fondundan seçilmiş materiallar əsasında hazırlanan "Ortaq irs, zəngin xəzinə" adlı sərginin açılışı olub.

Mərasimi giriş sözü ilə açan Milli Kitabxananın direktoru Kərim Tahirov bir əsr əvvəl Türk dünyasını vahid hədəf ətrafında birləşdirmək üçün Bakıda 131 nümayəndənin toplandığını xatırladıb: "Aradan keçən 100 il sübut etdi ki, həmin nümayəndələrin mübarizəsi hədər getməyib. Bu gün Türk dövlətləri başçılarının qətiyyətli səyləri nəticəsində səsimiz qlobal miqyasda daha güclü eşidilir".

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Türk Dünyası Milli Kitabxanaları Birliyinin yaradılmasını və qurultay irsinin fundamental nəşrlərdə toplanmasını yüksək qiymətləndirib. Akademik vurğulayıb ki, Birinci Türkoloji Qurultayda qaldırılan problemlər bu gün də aktuallığını qoruyur və yeni yaradılan birlik türkologiya elminin inkişafına misilsiz töhfələr verəcək.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İskəndərov qurultayın xalqlarımızın elmi, mədəni və mənəvi inteqrasiyasındakı tarixi rolundan bəhs edərək, bu hadisənin tarixçilər tərəfindən hər zaman yüksək qiymətləndirildiyini bildirib.

BDU-nun rektoru Elçin Babayev isə diqqəti rəqəmsallaşmaya çəkərək, işıq üzü görən fundamental kitabların elektron versiyalarının tələbə və gənc tədqiqatçıların istifadəsinə verilməsinin vacibliyini vurğulayıb. Rektor hazırda Qarabağda davam edən "Türk Dünyası Həftəsi"ndə xarici alimlərin böyük maraqla iştirak etdiyini və ölkə daxilindəki müxtəlif qurumların vahid amal uğrunda birgə fəaliyyət göstərməsinin sevindirici hal olduğunu qeyd edib.

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla qurultay ideyalarının coğrafiyasının genişləndirilməsinin vacibliyinə toxunub: "Birinci Türkoloji Qurultayın irsinin və ideallarının yaşadılması təkcə Azərbaycanda deyil, digər qardaş türk respublikalarında da dövlət səviyyəsində diqqətdə saxlanılmalı, bu səpkili birgə tədbirlər davamlı xarakter almalıdır".

Xalq şairi Sabir Rüstəmxanlı da öz çıxışında türk xalqlarının bir-birinə daha da yaxınlaşmasında bu cür yubiley tədbirlərinin mənəvi rolunu önə çəkib, türk birliyinin həm siyasi, həm də mədəni baxımdan gələcək üçün fundamental əhəmiyyət daşıdığını bəyan edib.

02.07.2026 08:03