Bakıda strateji müzakirə: Azərbaycan və ABŞ əməkdaşlığı genişləndirir

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr ilə görüşüb.

Konsensus.az xəbər verir ki, Bakı Enerji Həftəsi çərçivəsində baş tutan görüşdə iki ölkə arasında iqtisadi tərəfdaşlığın strateji inkişaf prioritetləri, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Görüş zamanı həmçinin aşağıdakı istiqamətlər üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib: Enerji, sənaye və kritik mineralların hasilatı; Süni intellektin tətbiqi və rəqəmsallaşma; Mədənçilik və digər qarşılıqlı maraq doğuran sahələr.

Fikir mübadiləsi zamanı regional bağlantıların gücləndirilməsinin iqtisadi aktivliyin artırılması baxımından mühüm rolu qeyd edilib. Azərbaycanın Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz və Yaxın Şərq regionlarını birləşdirən etibarlı platforma kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində əməkdaşlıq potensialı diqqətə çatdırılıb.

Tərəflər iqtisadi əməkdaşlığın şaxələndirilməsinin, innovativ texnologiyaların tətbiqinin və özəl sektorlar arasında əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, gələcək birgə fəaliyyətin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

02.06.2026 14:03