
Bu gün Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu keçirilib.
Forum Azərbaycanın QHT-rə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platformasının tərəfdaşlığı ilə təşkil olunub. “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində baş tutan Forumda 8 ölkədən - Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti, Macarıstandan vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edib.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu çərçivəsində ilk dəfə Azərbaycan-Qırğızıstan, Azərbaycan-Türkmənistan, Azərbaycan-Şimali Kipr QHT-lərinin I Əməkdaşlıq Forumları da keçirilib. Ötən dövrdə - 2022-ci il mayın 19-da Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu, 2023-cü il noyabrın 27-də Füzulidə Azərbaycan-Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumu, 2024-cü il dekabrın 5-də Daşkənddə Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu, 2025-ci il noyabrın 24-də Bakıda Azərbaycan-Qazaxıstan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib. Bu forumlar Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində birgə, koordinasiyalı fəaliyyəti üçün mühüm dəyərə malikdir.
Qeyd edək ki, son 7 ayda artıq 2-ci dəfədir ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-ləri Azərbaycanda toplaşır.
