
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu rəqəmsal texnologiyalar sahəsində elmi potensialın gücləndirilməsinə və gənc istedadların üzə çıxarılmasına xüsusi diqqət yetirir. Bu çərçivədə institut bilik olimpiadalarında fərqlənən və tədqiqat işlərinə meyli olan şagirdlərə intellektual dəstək göstərir. İnstitut alimlərinin Bakı Oksford Məktəbinin IX sinif şagirdləri Zülfüqar Həsənov və Əli Nuriyə elmi tədqiqatlarında hamilik etməsi də bu fəaliyyətin tərkib hissəsidir.
Konsensus.az xəbər verir ki, İnformasiya Texnologiyaları İnstitutunda məktəblilərin apardıqları elmi tədqiqatların mövcud vəziyyətini qiymətləndirmək və layihənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək məqsədilə xüsusi elmi müzakirə təşkil olunub. Müzakirədə layihəyə dəstək verən Bakı Oksford Məktəbinin müəllimi, kimya üzrə fəlsəfə doktoru Gültəkin Rzayeva da iştirak edib.
Görüşdə Bakı Oksford Məktəbinin IX sinif şagirdləri Zülfüqar Həsənov və Əli Nuri “Bakı şəhərində akustik-səs çirklənməsinin intellektual monitorinqi və xəritə üzərində vizuallaşdırılması sistemi” mövzusunda təqdimatla çıxış ediblər.
Şagirdlər layihənin əsas məqsədinin paytaxtda səs çirklənməsinin real vaxt rejimində ölçülməsi, təhlili və nəticələrin xəritə üzərində vizuallaşdırılmasını təmin edən intellektual sistemin qurulması olduğunu diqqətə çatdırıblar. Onlar dünyada tətbiq olunan mövcud yanaşmalar, layihənin konseptual əsasları və istifadə edilən proqram təminatı barədə ətraflı bilgi veriblər. Yaxın vaxtlarda sistemin istifadəçilər üçün əlçatanlığını artırmaq məqsədilə mobil tətbiqinin də hazırlanacağı bildirilib.
Təqdimatdan sonra institutun alim və mütəxəssisləri layihənin elmi-praktik əhəmiyyətini, texniki imkanlarını və inkişaf perspektivlərini müzakirə edərək şagirdlərə suallar ünvanlayıb, dəyərli təklif və tövsiyələrini səsləndiriblər.
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev çıxışında istedadlı məktəblilərin elmi fəaliyyətə istiqamətləndirilməsinin vacibliyini vurğulayıb. Alim qeyd edib ki, gənc nəslin elmi axtarışlara cəlb olunması və nəzəri biliklərinin praktiki layihələr vasitəsilə möhkəmləndirilməsi ölkənin gələcək elmi potensialının formalaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Akademik R.Əliquliyev bildirib ki, şagirdlərin erkən yaşlardan elmi tədqiqat mühitinə cəlb olunması onların analitik düşünmə, problem həll etmə və innovativ yanaşma bacarıqlarının inkişafına əlverişli şərait yaradır. Bu baxımdan elmi müəssisələrlə ümumtəhsil məktəbləri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edən baş direktor, rəhbərlik etdiyi institutun perspektivli gənclərin elmi təşəbbüslərinə hər zaman intellektual dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.