Cəlilabadda unikal kəşf: Cənubi Qafqazda analoqu olmayan Neolit dövrünə aid daş kürə tapıldı

Cəlilabad rayonunda yerləşən Paşatəpə abidəsində aparılan arxeoloji qazıntılar zamanı Cənubi Qafqaz üçün analoqu olmayan sferik daş kürə aşkar edilib.

Konsensus.az xəbər verir ki, tədqiqatlar Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent Vəfa Mahmudovanın rəhbərliyi ilə həyata keçirilir.

Vəfa Mahmudovanın sözlərinə görə, aşkar edilən sferik daş kürə Cənubi Qafqazın Neolit dövrünə aid indiyədək məlum olan ən maraqlı cilalanmış daş məmulatlarından biridir. Mövcud elmi nəşrlər regional miqyasda bu tapıntının morfoloji baxımdan birbaşa analoqunun olmadığını göstərir. Həm hazırlanma texnologiyası, həm də funksional təyinatı ilə xüsusi elmi əhəmiyyət kəsb edən bu tapıntı Levant–Anadolu–Cənubi Qafqaz əlaqələrinin öyrənilməsində yeni bir mənbə rolunu oynaya bilər. Çəkisi 1 kiloqram 870 qram, diametri isə təxminən 10 santimetr olan bu daş kürənin ən diqqətçəkən xüsusiyyəti üzərində hər hansı deşik və ya zərbə izinin olmamasıdır. Hazırda onun hansı məqsədlə istifadə edildiyini dəqiq müəyyənləşdirmək mümkün olmasa da, ekspertlər kürənin ritual xarakter daşıdığı və ya qədim çəki ölçüsü olduğu ehtimalını irəli sürürlər. Bu barədə yekun rəy əlavə tədqiqatlardan və müvafiq mütəxəssislərin cəlb edilməsindən sonra veriləcək.

Bununla yanaşı, Paşatəpə abidəsində qazıntı sahəsi genişləndirilərək tədqiqatlar 45–50 santimetr dərinlikdə davam etdirilib və nəticədə yeni qiymətli arxeoloji materiallar üzə çıxıb. İlkin araşdırmalar zamanı burada orta əsrlərə aid olduğu ehtimal edilən drenaj sisteminin — su xətlərində istifadə olunan küp boruların qalıqları qədir edilib. Bu boruların dəqiq dövrü sonrakı elmi tədqiqatlarla müəyyənləşdiriləcək.

Arxeoloji missiya çərçivəsində, həmçinin Əliköməktəpə abidəsinə də baxış keçirilib. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin əməkdaşları ilə birgə abidənin əvvəlki koordinatları təyin edilib. Arxiv materialları əsasında aparılan araşdırmalar nəticəsində abidənin əsl mühafizə zonası dəqiqləşdirilib və hazırda zəbt olunmuş ərazinin sərhədləri müəyyən edilib. Hazırda rayonda arxeoloji qazıntı və tədqiqat işləri davam etdirilir. (Report)

06.07.2026 07:00