
Cəlilabad rayonunda ilk dəfə elmə məlum olmayan yeni yaşayış məskəni aşkar olunub. Konsensus.az xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib. Arxeoloji abidə rayonun Təklə kəndi ərazisində yerləşir və “Oğlantəpə” adlanır.
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərlik etdiyi “Muğan tunc - ilk dəmir dövrü arxeoloji ekspedisiyası” tərəfindən ərazidə kəşfiyyat xarakterli tədqiqatlar aparılıb.
Cəfərli yolundan 130 metr şimal-qərbdə yerləşən Oğlantəpə təbii təpə üzərində salınıb. Diametri 100 metr, hündürlüyü təxminən 20 metr olan təpənin sağ və sol tərəflərindən qədim çay dərələri keçir. Ərazidə uzunmüddətli məskunlaşma nəticəsində qalın mədəni təbəqə formalaşıb.
İlkin axtarışlar zamanı abidənin üst qatından Orta əsrlərə aid şirli və şirsiz saxsı nümunələri tapılsa da, mədəni təbəqənin kəsik hissəsində əsasən İlk Tunc dövrünə aid maddi-mədəniyyət nümunələri üzə çıxarılıb. Tapıntılar arasında qonur və boz rəngli, yarımşarşəkilli qulpları olan saxsı qab fraqmentləri, boşqab tipli qab qırıqları və daş əşyalar üstünlük təşkil edir.
Arxeoloqların bildirdiyinə görə, bu tipli abidələrin sistemli qeydiyyata alınması Muğan bölgəsində İlk Tunc dövrü yaşayış məskənlərinin yayılma arealını müəyyənləşdirməyə və yeni arxeoloji xəritə tərtib etməyə imkan verəcək.