
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə Cənub bölgəsində “Qohum Evliliyinin Genetik Riskləri və Cəmiyyətə Mənfi Təsiri” layihəsi uğurla icra edilib.
Layihə çərçivəsində Biləsuvar Gənclər Evində, Cəlilabad Tibb Kollecində, Masallı Regional Kollecində, Lənkəran Tibb Kollecində və Astara Rayon Mərkəzi Xəstəxanasında maarifləndirici görüşlər keçirilib. Beş rayonu əhatə edən tədbirlərdə ümumilikdə 200-ə yaxın gənc, səhiyyə və təhsil işçisi, ictimaiyyət və KİV nümayəndəsi iştirak edib.
Görüşlərdə qohum evliliklərinin genetik riskləri, gələcək nəsillərin sağlamlığına təsiri və irsi xəstəliklərin yaranma ehtimalı barədə geniş təqdimatlar olunub, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Çıxış edən mütəxəssislər qohum evliliklərinin bəzi genetik xəstəliklərin riskini artırdığını vurğulayaraq, cəmiyyətin elmi əsaslara söykənən məlumatlarla maarifləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildiriblər.
İnteraktiv formatda keçən tədbirlərdə iştirakçıların sualları ətraflı cavablandırılıb. Görüşlərin sonunda hər bir iştirakçıya layihənin brendbukuna uyğun hazırlanmış sertifikatlar təqdim edilib.
Layihənin əsas məqsədi qohum evliliklərinin mümkün fəsadları barədə ictimai məlumatlılığı artırmaq, genetik risklərlə bağlı maarifləndirməni gücləndirmək və sağlam ailə institutunun formalaşmasına töhfə verməkdir.
“Qan Donorları Assosiasiyası” İctimai Birliyi sağlam cəmiyyətin formalaşdırılması və sosial məsuliyyətin təşviqi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək.
