Coşqun Məmmədov: "Azərbaycan Orta Dəhlizin fəaliyyətində həlledici rola malikdir"

Mürəkkəb geosiyasi gərginliklər və qlobal miqyasda davam edən münaqişələr fonunda beynəlxalq nəqliyyat marşrutlarının təhlükəsizliyi məsələsi prioritetə çevrilib. Hazırda alternativ marşrutlar risklərlə üz-üzə qaldığı bir vaxtda Orta Dəhliz Asiya ilə Avropanı birləşdirən en təhlükəsiz, etibarlı və proqnozlaşdırılan tranzit yolu kimi ön plana çıxır. Bu fikirləri konsensus.az -a açıqlamasında AMEA Rəyasət Heyətinin elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru Coşqun Məmmədov bildirib.

İqtisadçı alim qeyd edib ki, Azərbaycan həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizlərinin kəsişməsində yerləşməklə regional nəqliyyat şəbəkəsinin mərkəzinə çevrilib. Ölkəmizdə son illərdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, rəqəmsal gömrük sistemlərinin tətbiqi və dəmir yollarının modernləşdirilməsi Azərbaycanın tranzit potesialını dəfələrlə artırıb. Bu addımlar Şərqlə Qərb arasında yükdaşımaların müddətini əhəmiyyətli dərəcədə qısaltmağa imkan verib.

C.Məmmədovun sözlərinə görə, Orta Dəhliz təkcə iqtisadi-logistik layihə deyil, həm də Türk dünyasının inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır:

“1 trilyon dollardan çox ümumi daxil məhsula malik Türk Dövlətləri Təşkilatına üzv ölkələrin beynəlxalq məkana çıxışında bu marşrut əsas əlaqələndirici xətt rolunu oynayır. Gələcəkdə Zəngəzur dəhlizinin (TRIPP) istifadəyə verilməsi isə Orta Dəhlizin ötürücülük imkanlarını daha da genişləndirərək Azərbaycanın regiondakı geoiqtisadi və strateji mövqeyini növbəti mərhələyə daşıyacaq.”

Kəmalə

21.07.2026 11:00