
ABŞ-nin İrana qarşı hərbi zərbələri dayandırması barədə xəbərlərdən sonra dünya birjalarında neftin qiyməti kəskin ucuzlaşıb.
Konsensus.az xəbər verir ki, bu barədə iyulun 27-də keçirilən birja hərraclarının məlumatlarında bildirilir.
Kotirovkaların dinamikasına əsasən, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 5%-dən çox düşərək bir barel üçün 90,4 dollara qədər geriləyib.
Daha sonra qiymətlərdə cüzi bərpa müşahid olunsa da, Bakı vaxtı ilə saat 05:39-da bir barel neftin dəyəri 92,6 dollar (-4.22%) təşkil edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyulun 25-də İrana zərbələri dayandırmaq barədə əmr verib. Ağ Ev bu qərarı Hörmüz boğazında gəmiçiliyin bərpası üzrə diplomatik səylərdə əldə olunan irəliləyişlə əlaqələndirib. Lakin bəzi mənbələr Pentaqonun regiondakı İran hücumlarını dəf etdikdən sonra hava hücumundan müdafiə (HHM) raket ehtiyatlarını tamamlamaqda çətinlik çəkdiyini də bildirirlər.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı birgə əməliyyata başlayıb. İyun ayında Vaşinqton və Tehran hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalasa da, iyulun 8-də ABŞ Hörmüz boğazı ilə bağlı şərtlərin pozulduğunu əsas gətirərək zərbələri bərpa etmişdi. İran isə cavab olaraq ABŞ-nin regiondakı hərbi obyektlərinə zərbələr endirib. (Report İA)