
Bu gün dünya mediasının diqqət mərkəzində olan əsas hadisələrdən biri Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı və səsləndirdiyi mühüm fikirlərdir.
Milli Məclisin deputatı Məzahir Əfəndiyev konsensus.az-a açıqlamasında bildirib ki, dövlətimizin başçısı bu möhtəşəm tədbirdə iştirakı ilə Forumun əhəmiyyətini, beynəlxalq nüfuzunu və davamlı xarakterini bir daha nümayiş etdirdi. Tədbir 53 ölkədən 160 nümayəndəni — o cümlədən 30 xəbər agentliyi, 60-dan çox media qurumu və 10 beynəlxalq təşkilatın təmsilçilərini “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusu ətrafında bir araya gətirib.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyev müasir medianın inkişafı, informasiya məkanında etimadın bərpa olunması və regionda formalaşan yeni geosiyasi reallıqların dünya ictimaiyyətinə çatdırılması baxımından Azərbaycanın prinsipial mövqeyini diqqətə çatdırıb:
“Azərbaycan artıq orta güc statusuna malik bir dövlətdir. Ölkəmiz bu Forum vasitəsilə qlobal sülhün və əməkdaşlığın möhkəmləndirilməsinə töhfə vermək əzmimini beynəlxalq ictimaiyyətə bir daha bəyan etdi.”
M.Əfəndiyev vurğulayıb ki, hazırda dünya çətin bir dəyişiklik və transformasiya dövrünü yaşayır. Davam edən müharibələr, böyüyən münaqişə ocaqları və dövlətlərarası ziddiyyətlər kritik həddə çatıb. Bu da beynəlxalq media qarşısında ciddi suallar qoyur. İndiki şəraitdə ən vacib məsələ medianın sülhü təşviq etməsi və cəmiyyətə dəqiq, dürüst məlumat çatdırmasıdır. Təəssüf ki, real həyatda dezinformasiya və qarayaxma kampaniyaları kimi mənfi hallarla tez-tez qarşılaşırıq. Halbuki bu kimi halların qarşısının alınması hər bir cəmiyyətin davamlı inkişafı üçün həyati əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev üç saata yaxın davam edən görüşdə ən həssas məsələlərə toxunaraq, Azərbaycanın qarşısında duran çağırışları uğurla yerinə yetirdiyini bütün dünyaya bəyan etdi.
Deputat dövlət başçısının Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə münasibətlərə dair fikirlərinə də xüsusi diqqət çəkib:
“Prezident İlham Əliyev bildirdi ki, son illər AŞPA-da əməkdaşlığın qarşılıqlı etimad və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə mane olan yanaşmalar müşahidə edilir. Beş il ərzində bu təşkilatda Azərbaycanı hədəf alan 13 qətnamə qəbul olunsa da, onların heç biri ölkəmiz üçün əhəmiyyət kəsb etmir və yerdəki reallıqlara təsir göstərmir. Buna baxmayaraq, Azərbaycan hər zaman konstruktiv dialoqun, beynəlxalq hüququn norma və prinsiplərinə söykənən əməkdaşlığın tərəfdarı olub.”
M.Əfəndiyev əlavə edib ki, gələcəkdə AŞPA ilə münasibətlərin siyasi qərəzdən uzaq, tam bərpa olunmuş suverenliyimizə hörmət və qarşılıqlı etimad əsasında qurulması həm təşkilatın nüfuzunun bərpasına, həm də Avropa məkanında sağlam dialoqun formalaşmasına xidmət edəcək.
Sonda deputat vurğulayıb ki, Azərbaycanın həyata keçirdiyi sülhsevər siyasət, regional sabitliyə verdiyi töhfələr və IV Şuşa Qlobal Media Forumu vasitəsilə sərgilədiyi açıq mövqe ölkəmizin beynəlxalq institutlarla əlaqələrinin gələcəkdə daha dayanıqlı şəkildə inkişaf edəcəyini göstərir.