
Filippinin cənubunda yerləşən Mindanao adasında 7,8 maqnitudalı güclü zəlzələ baş verib. AFP və "ABS-CBN News" agentliklərinin yerli polisə istinadən yaydığı məlumata görə, təbii fəlakət nəticəsində azı bir nəfər həyatını itirib, dörd nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yeraltı təkanlar səbəbindən adada bir neçə binanın uçduğu bildirilir.
Ölkənin Dövlət Seysmoloji Agentliyinin ("Phivolcs") hesabatına əsasən, zəlzələ Xeneral Santos şəhərində Rixter şkalası ilə 7 bal gücündə qeydə alınıb və "dağıdıcı" xarakter daşıyıb. Digər böyük şəhər — Davaoda isə təhlükəsizlik məqsədilə bütün idarə, müəssisə və təhsil müəssisələrində iş fəaliyyəti dayandırılıb. Hazırda bölgədə fəsadların və dəymiş ziyanın qiymətləndirilməsi prosesi aparılır.
Seysmoloqlar ciddi sunami xəbərdarlığı ediblər. Məlumatda vurğulanır ki, sahildə dalğaların hündürlüyü adi qabarma səviyyəsini bir metrdən çox üstələyir və bu təhlükəli vəziyyət daha bir neçə saat davam edə bilər.
Filippin Prezidenti Kiçik Ferdinand Markos fəlakətlə bağlı təcili sərəncamlar verib. Dövlət başçısı fəsadların aradan qaldırılması və operativ cavab tədbirlərinin əlaqələndirilməsini Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Agentliyə tapşırıb. Sosial Təminat Departamentinə isə təxliyə mərkəzlərinin yaradılması və zərərçəkənlərə humanitar yardımın çatdırılması tapşırılıb. Prezidentin sərəncamı ilə Mindanaonun zərər çəkmiş bütün rayonlarında tədris prosesi müvəqqəti olaraq dayandırılıb.