İİV və vərəm icmaları ilə məsləhətləşmələr keçirilib

21–22 iyul 2026-cı il tarixlərində İİV və vərəm icmalarının iştirakı ilə “İİV və vərəm icmaları ilə məsləhətləşmələr” adlı tədbir keçirilib.

Tədbirdə AİDS-lə Mübarizə İctimai Birliyinin sədri Nofəl Şərifov da iştirak edib. Görüş çərçivəsində QHT və icma nümayəndələri tərəfindən İİV və vərəm sahəsində göstərilən mövcud xidmətlər, bu xidmətlərdə olan boşluqlar, icmaların ehtiyacları və gələcəkdə risk altında qala biləcək xidmətlər ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələrin əsas istiqamətlərindən biri Qlobal Fondun maliyyələşməsi başa çatdıqdan sonra xidmətlərin dayanıqlılığının təmin edilməsi olub. Bununla yanaşı, xidmətlərin dövlət maliyyələşməsinə keçirilməsi, sosial sifariş mexanizmlərinin inkişaf etdirilməsi və icma əsaslı xidmətlərin davamlılığının təmin olunması məsələləri müzakirə edilib.

İştirakçılar İİV və vərəm sahəsində xidmətlərin fasiləsizliyinin qorunması, ehtiyacı olan insanların xidmətlərə çıxış imkanlarının genişləndirilməsi və icmaların qərarvermə proseslərində iştirakının gücləndirilməsinin vacibliyini vurğulayıblar.

AİDS-lə Mübarizə İctimai Birliyinin sədri Nofəl Şərifov bildirib ki, təşkilat İİV və vərəm sahəsində icma əsaslı xidmətlərin əlçatanlığının, keyfiyyətinin və dayanıqlılığının gücləndirilməsinə yönəlmiş əməkdaşlığı və dialoqu dəstəkləməyə davam edir.

Onun sözlərinə görə, icmaların ehtiyaclarının birbaşa dinlənilməsi və onların xidmətlərin planlaşdırılması və həyata keçirilməsi proseslərinə cəlb olunması dayanıqlı və effektiv səhiyyə xidmətlərinin formalaşdırılmasında mühüm əhəmiyyət daşıyır.

Tədbir iştirakçıları gələcəkdə də İİV və vərəm icmalarının ehtiyaclarının müzakirəsi, mövcud problemlərin həlli və icma əsaslı xidmətlərin davamlılığının təmin edilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediblər.

21.07.2026 11:45