İran ordusundan Vaşinqtona xəbərdarlıq: Region alova qərq olacaq

“ABŞ Yaxın Şərqdə həssas vəziyyətdədir. Onların hərbi təcavüzü baş verəcəyi təqdirdə bütün region daha irimiqyaslı münaqişəyə qərq olacaq”.

Konsensus.az SNN telekanalına istinadən xəbər verir ki, bu barədə İran ordusunun nümayəndəsi, general Məhəmməd Əkrəminiya bəyan edib.

“Amerikalılar regionda heç də yaxşı durumda deyillər. Əgər ABŞ-də hər şey qaydasında olsaydı, onlar vəziyyəti dəyişməyə çalışmazdılar”, — deyə o qeyd edib.

Əkrəminiyanın sözlərinə görə, İran Silahlı Qüvvələri Vaşinqton tərəfindən ola biləcək potensial zərbələrə hər zamankından daha yaxşı hazırdır:

“Bizim mənəvi-psixoloji hazırlığımız var, təchizatımızı optimallaşdırmışıq və döyüş heyətinə yeni silah və texnika nümunələri daxil etmişik. Əgər düşmən təcavüzə cürət edərsə, region əvvəlkindən də şiddətli müharibə, qeyri-sabitlik və zorakılıqla üzləşəcək, region ölkələri isə bundan daha çox zərər çəkəcəklər”.

27.09.2026 21:00