Əlişir Nəvainin irfani dünyasına həsr olunmuş yeni fundamental əsər

Tanınmış özbək alimi, filologiya elmləri doktoru, professor Nurbay Cabbarovun müəllifi olduğu Əmir Əlişir Nəvainin irfani dünyası” adlı monoqrafiya Azərbaycan dilində oxucuların ixtiyarına verilib.

Konsensus.az xəbər verir ki, bu dəyərli vəsait Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının müvafiq qərarı əsasında “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Genişmiqyaslı tədqiqat işinin elmi məsləhətçisi akademik İsa Həbibbəyli, rəyçisi professor Yaşar Qasımbəyli, redaktoru isə dosent Siracəddin Hacıdır.

Kitabı özbək dilindən doğma dilimizə professor Almaz Ülvi Binnətova ilə Təbriz Universitetinin professoru Hüseyn Xoşbatin çevirib və əsərə geniş "Ön söz" qələmə alıblar.

Tədqiqat əsərində dahi şair və mütəfəkkir Əmir Əlişir Nəvainin xarakteri və dövlətçilik fəaliyyəti, dərin fəlsəfi-irfani dünyagörüşü, ədəbi-estetik mülahizələri müasir elmi prizmadan təhlil obyektinə çevrilir.

Kitabda Nəvainin türk dünyasını ortaq bir ədəbi dil ətrafında cəmləşdirmək missiyası, onun şah əsəri hesab olunan “Xəmsə”dəki bədii fəlsəfə, həmçinin “Ərbəin” və “Siraçül-müslimin” kimi dini-maarifçi traktatlarının mahiyyəti dərindən araşdırılır. Bununla yanaşı, XIX əsrdən bu günə qədər özbək söz sənətində davam edən “Nəvai irsinə varislik” ənənələri sistemli şəkildə tədqiq olunur.

Monoqrafiyanın müəllifi professor Nurbay Cabbarov Özbəkistan klassik ədəbiyyatşünaslıq məktəbinin banisi, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin elmi işlər və innovasiyalar üzrə prorektoru, eləcə də Özbəkistan Yazıçılar Birliyinin Ədəbi Tənqid Şurasının rəhbəridir.

O, elmi və ictimai fəaliyyətinə görə Özbəkistanın “Şöhrət” medalı və “Dostluq” ordeni ilə mükafatlandırılıb. Alimin fundamental araşdırmaları ABŞ, Türkiyə, Azərbaycan, Rusiya və Çin kimi ölkələrin ("Scopus" və s. daxil olmaqla) nüfuzlu elmi dərgilərində dərc olunub.

Professor N.Cabbarov Azərbaycan-özbək ədəbi əlaqələrinin gücləndirilməsindəki müstəsna xidmətlərinə görə ölkəmiz tərəfindən “Nizami Gəncəvi” xatirə nişanı (2021) və AMEA-nın “Ədəbiyyatşünaslıq elminə dəstək” diplomu (2023) ilə təltif edilib.

Nəşr Azərbaycan ilə Özbəkistan arasındakı tarixi-mədəni dostluğun, elmi inteqrasiyanın güclənməsinə və milli nəvaişünaslıq sahəsindəki boşluqların doldurulmasına mühüm töhfədir. 324 səhifədən ibarət olan bu qiymətli mənbə ədəbiyyatşünaslar, tədqiqatçılar, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Aida Şükürlü

04.06.2026 05:00