
Böyük Britaniya Şərqi Qüdsdəki baş konsul da daxil olmaqla, 20 diplomatını İsraildən çıxaracaq.
Konsensus.az məlumatına görə, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar bildirib.
Diplomatların geri çağırılması Londonun İordan çayının qərb sahilindəki İsrail yaşayış məskənlərinə qarşı sanksiyalar tətbiq etməsindən sonra tərəflər arasında əldə olunmuş razılaşma çərçivəsində həyata keçiriləcək.
Razılaşmaya əsasən, Britaniyanın Şərqi Qüdsdəki baş konsulluğu bu gündən etibarən əvvəlki formatda fəaliyyətini dayandırır. Buna baxmayaraq, Britaniya binaya mülkiyyət hüququnu saxlayacaq və orada yeddi diplomat fəaliyyətini davam etdirəcək. Lakin qurum artıq konsulluq funksiyalarını yerinə yetirməyəcək. Binadan "Böyük Britaniyanın Baş Konsulluğu" yazılmış lövhələr artıq çıxarılıb.
"Biz aydın bir prinsip müəyyən etdik: İsrail ona qarşı atılan addımların cavabsız qalmasına yol verməyəcək", – deyə G.Saar vurğulayıb.
Razılaşmaya əsasən, Londondakı bütün İsrail diplomatları öz vəzifələrində qalacaq. Qeyd edək ki, bundan əvvəl mediada Böyük Britaniyanın cavab addımı olaraq 27 İsrail diplomatını ölkədən çıxarmağı nəzərdən keçirdiyi barədə məlumatlar yayılmışdı.
Böyük Britaniyanın xarici işlər naziri Ed Miliband isə öz növbəsində bildirib ki, London İsrail hökumətinin Britaniyanın Qüdsdəki təqribən 200 illik baş konsulluğunu bağlamaq üçün qanuni hüququnu tanımır.