
"Çoxsaylı beynəlxalq tədqiqatlar sosial şəbəkələrdən nəzarətsiz və həddindən artıq istifadənin yeniyetmələr arasında depressiya, təşviş pozuntuları və özünəqəsd düşüncələri riskini artırdığını sübut edir."
Bu fikirləri “konsensus”a açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının (JÜHİ) sədri, media eksperti Müşfiq Ələskərli uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi və Milli Məclisdə müzakirəyə çıxarılan yeni qanun layihəsi barədə danışarkən deyib.
Ekspert qeyd edib ki, virtual mühit kiberzorakılıq hallarını təhlükəli həddə çatdırıb. Ənənəvi zorakılıq məktəb və ya küçə ilə məhdudlaşdığı halda, virtual zorakılıq sutkanın istənilən saatında və internetin əlçatan olduğu hər məkanda davam edə bilir. Nəticədə uşaqlar öz evlərində belə təhqir, təzyiq və sosial təcrid riski ilə üzləşirlər.
M.Ələskərli vurğulayıb ki, bu məsələ artıq nəzəri disputların mövzusu olmaq mərhələsindən çıxıb, gündəlik həyatımızda intensiv şəkildə müşahidə olunan real təhdidə çevrilir:
"İlin əvvəlində “İdrak” liseyində baş vermiş faciəli hadisə – 10-cu sinif şagirdinin müəllimə odlu silahdan atəş açması cəmiyyət üçün ciddi siqnal idi. Həmin ərəfədə Ağcabədidə 12 yaşlı uşağın digər azyaşlıya bıçaqla xəsarət yetirməsi artıq təsadüf kimi qiymətləndirilə bilməz. Onların coğrafiyası fərqli olsa da, mahiyyət eynidir: yetkinlik yaşına çatmayanların zorakılığa meyillənməsi faktı ortadadır".
Ekspertin sözlərinə görə, bu cür davranış modellərinin formalaşmasında süni intellekt texnologiyaları vasitəsilə hazırlanan və sosial şəbəkələrdə kütləvi yayılan qısa videoçarxların (reels, shorts və s.) rolu böyükdür. Bu məzmunlar uşaqlara hər gün yüzlərlə zorakılıq, silah və kriminal həyat tərzi nümunələri təqdim edir, nəticədə zorakılıq adiləşir.
Müşfiq Ələskərli həmçinin Azərbaycanda 16 yaşadək uşaqların sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət qoyulması istiqamətində Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsini strateji addım kimi qiymətləndirib.