
Azərbaycanın MMA üzrə milli komandasının baş məşqçisi və heyət üzvləri Tailanda təlim-məşq toplanışına yola düşməzdən əvvəl “Modern İnkişaf və Ailə” İctimai Birliyində görüşüblər.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Birliyin sədri, YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva idmançılara göstərilən dövlət qayğısından danışıb. O, Ulu Öndər Heydər Əliyevin idmançıların beynəlxalq arenalardakı qələbələrinin xalqımızda yaratdığı qürur hissi və vətənpərvərlik ruhu haqqında fikirlərini xatırladıb, bu siyasətin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Z.Quliyeva milli komandanın heyətində 19 yaşlı Nərmin Əliyevanın yer almasını xüsusi qeyd edərək, bunu Azərbaycan qadınının cəsarəti və dözümlülüyünün bariz nümunəsi kimi qiymətləndirib.
Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov, “Sosial İnkişaf Uğrunda” İB-nin sədri Cəmilə Fəyyaz, “Modern İnkişaf və Ailə” İB sədrinin müavini Qalib Əliyev və digər natiqlər ölkəmizdə idmanın inkişafına toxunaraq idmançılara növbəti yarışlarda uğurlar arzulayıblar. Milli komandanın baş məşqçisi Ruslan Məmmədhəsənov komandanın yeganə qadın üzvü Nərmin Əliyevaya, Qarabağ müharibəsi veteranı Elçin Hüseynova və Şahan Həsənzadəyə böyük ümid bəslədiklərini diqqətə çatdırıb. O, diqqət və dəstəyə görə təşkilatçılara minnatdarlığını bildirib. Tədbirin sonunda Zərifə Quliyeva idmançılara müəllifi olduğu kitabları və xüsusi hədiyyələri təqdim edib.
