Netanyahu Ukrayna üçün “Dəmir Qübbə” qərarını blokladı

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ istehsalı olan “Dəmir Qübbə” (Iron Dome) hava hücumundan müdafiə sistemlərinin Ukraynaya verilməsi təşəbbüsünə veto qoyub.

Konsensus.az The Washington Post nəşrinə istinadən xəbər verir ki, ABŞ Konqresində təşəbbüs dəstək qazansa da, İsrail sistemin birgə istehsalına dair razılaşmadan irəli gələn veto hüququndan istifadə edərək ixracın qarşısını alıb.

Məlumata əsasən, məsələ ABŞ-də 1,15 trilyon dollarlıq müdafiə büdcəsi layihəsinin müzakirəsi zamanı yenidən gündəmə gəlib. Nəşr yazır ki, həm Ukrayna, həm də İsrail Vaşinqtonun hərbi dəstəyini artırmağa çalışdığı üçün tərəflərin maraqları bu məsələdə toqquşub.

İsrailin Vaşinqtondakı səfirliyi qərarı təsdiqləyərək bildirib ki, “Dəmir Qübbə” texnologiyalarının dolayısı ilə İranın əlinə keçə biləcəyi ehtimalı Tel-Əviv üçün ciddi təhlükəsizlik riski yaradır. Bu səbəbdən sistemlərin Ukraynaya ötürülməsinə razılıq verilməyib.

Bununla yanaşı, İsrail ABŞ-yə öz arsenalında istifadə etdiyi Patriot zenit-raket komplekslərini geri qaytarıb. Vaşinqtonun həmin sistemləri Ukraynaya hərbi yardım çərçivəsində göndərməsi planlaşdırılır.

ABŞ dövlət katibi Marko Rubio İsrailin birgə hazırlanmış silah sistemlərinin ixracına veto qoymaq hüququna malik olduğunu bildirib. Demokrat senator Kris Van Hollen isə bu praktikanın gələcəkdə ABŞ-nin digər birgə istehsal etdiyi silahların ixracına da mənfi təsir göstərə biləcəyindən narahatlığını ifadə edib.

01.08.2026 17:02