Nigar Həsənzadənin şeirləri ABŞ-ın “Maskomania News” platformasında – Portalda şairə rubrika açıldı

Azərbaycanlı şairə Nigar Həsənzadənin “Sülh: Yaralı dünya üçün şeir” (“Peace: A Poem for a Wounded World”) adlı poetik əsəri ABŞ-ın Kaliforniya ştatında fəaliyyət göstərən, beynəlxalq münasibətlər və geosiyasi məsələləri işıqlandıran müstəqil rəqəmsal xəbər və analitik platforması “Maskomania News” tərəfindən ingilis dilində dərc olunub. (https://maskomania.com/nigar-hasan-zadeh-peace/)

Konsensus.az xəbər verir ki, bu nəşr Azərbaycan ədəbiyyatının beynəlxalq oxucu auditoriyasına təqdim olunması və soydaşlarımızın yaradıcılığının ingilisdilli informasiya məkanında geniş tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir. Peşəkar şair tərəfindən ingilis dilinə tərcümə edilmiş şeirdə sülh, insan taleyi, müharibələrin doğurduğu mənəvi yaralar və bəşəri dəyərlər dərin poetik ifadəsini tapır.

Bundan əlavə, əsas oxucu auditoriyası amerikalılardan ibarət olan və Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təbliğinə xüsusi önəm verən nəşrdə “Nigar Həsənzadə” adlı ayrıca rubrika fəaliyyətə başlayıb. Yeni rubrikada şairənin şeirləri xarici ölkələrin tanınmış şair və tərcüməçilərinin təqdimatında mütəmadi olaraq işıqlandırılacaq.

Qeyd edək ki, xüsusi rubrika görkəmli yazıçımız Seyran Səxavətin Nigar Həsənzadənin yaradıcılığı və poeziyası haqqında qələmə aldığı təhlil məqaləsi ilə açılıb.

22.10.2026 06:00