Ənvər İbrahim: İsrailli aşkarlansa, dərhal deportasiya olunacaq

Malayziyanın Baş naziri Ənvər İbrahim ölkədə aşkarlanan hər hansı İsrail vətəndaşının dərhal deportasiya ediləcəyini açıqlayıb.

Konsensus.az xəbər verir ki, bu barədə Bernama xəbər agentliyi məlumat yayıb. Baş nazir bildirib ki, hökumət İsrail vətəndaşlarının ölkədə olması ilə bağlı iddiaları araşdırır və bu məsələdə heç bir güzəştə getməyəcək.

"Əgər hər hansı israilli aşkarlansa, onu dərhal deportasiya edəcəyik. Çünki biz İsraili tanımırıq", – deyə Ənvər İbrahim jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, məsələ ilə bağlı bütün aidiyyəti təhlükəsizlik qurumları araşdırma aparır.

Məlumata görə, araşdırmalar Johor ştatındakı "Network School" adlı beynəlxalq texnologiya icması ilə bağlı sosial mediada yayılan iddialardan sonra başlanıb. İddialara əsasən, bəzi İsrail vətəndaşlarının ikinci ölkələrin pasportlarından istifadə edərək Malayziyaya daxil olduqları irəli sürülüb. Rəsmi qurumlar isə indiyədək yoxlanılan xarici vətəndaşların sənədlərində hər hansı qanun pozuntusu aşkar etmədiklərini bildiriblər.

Qeyd edək ki, Malayziya İsraili rəsmi olaraq tanımır və İsrail pasportu daşıyan şəxslərin ölkəyə girişinə yalnız xüsusi icazə ilə yol verilir.

16.07.2026 13:00