
ABŞ-də naməlum şəxslərdən ibarət qrupların şəhər kanalizasiyasına enərək saatlarla yerin altında qalması Nyu-York polisini hərəkətə gətirib. Hadisə ilə bağlı genişmiqyaslı araşdırma başladılıb.
Konsensus.az regional "MyTwinTiers" portalına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları sirli insidentlərin mayın 29-na keçən gecə Bruklinin Qreyvsend rayonunda qeydə alındığını bildirib.
Kameraların qeydə aldığı görüntülərə görə, hadisə iki mərhələdə baş verib. Belə ki, axşam saat 23:00 radələrində kanalizasiyaya daxil olan və 3 saat sonra geri qayıdan ən azı 7 nəfər qeydə alınıb. Az sonra isə oxşar hadisə Heyvord-stritdə təkrarlanıb. 8 nəfərdən ibarət digər bir qrup kanalizasiya lükünə enərək kollektorda təxminən 3 saat keçirib, daha sonra isə avtomobillə ərazidən uzaqlaşıb.
Hadisə yerinə dərhal kinoloqlar, yanğınsöndürənlər və Ətraf Mühitin Mühafizəsi Departamentinin mütəxəssisləri cəlb olunub. İlkin baxış zamanı kollektorların daxilindəki şəhər infrastrukturuna hər hansı ziyan dəymədiyi müəyyən edilib.
Departamentin xəbərdarlığı: Yeraltı kommunikasiya xətlərinə icazəsiz daxil olmaq qanunsuzdur. Ani daşqınlar və zəhərli qazların toplanması riski səbəbindən bu cür hərəkətlər insan həyatı üçün ölümcül təhlükə yaradır.
Hazırda polis hər iki insidentin bir-biri ilə əlaqəli olub-olmadığını və bu şəxslərin məqsədini araşdırır. (Oxu.az)