
Amerika Birləşmiş Ştatlarının İranda mümkün hərbi əməliyyatlara xərcləyəcəyi vəsaitin həcmi rəsmi proqnozlardan kəskin fərqlənir.
Konsensus.az xəbər verir ki, ABŞ müdafiə qurumunun daxili sənədlərinə istinad edən "NBC" telekanalının məlumatına görə, bu rəqəm 80-100 milyard dollar aralığında dəyişə bilər ki, bu da Pentaqonun açıqladığı ilkin büdcədən təxminən üç dəfə çoxdur.
İyulun 14-də Senatda keçirilən dinləmələrdə ABŞ müdafiə nazirinin maliyyə məsələləri üzrə müvəqqəti icraçısı Culs Herst bildirib ki, hərbi sursatların yenilənməsi daxil olmaqla, əməliyyatın ümumi xərcləri 30 milyard dollar səviyyəsində qiymətləndirilir. Lakin o, bu hesabatın bir neçə ay əvvələ aid olduğunu və bura Yaxın Şərqdə zərər çəkmiş hərbi infrastrukturun bərpası xərclərinin daxil edilmədiyini vurğulayıb.
Pentaqonun qapalı təhlilləri isə real mənzərənin daha fərqli olduğunu göstərir. Belə ki, dağılmış bazaların yenidən qurulması, sıradan çıxmış döyüş təyyarələrinin əvəzlənməsi və hərbi arsenalın yenidən tam gücü ilə doldurulması layihənin ümumi dəyərini 100 milyard dollara çatdırır. Təkcə ABŞ-nin Bəhreyndəki hərbi obyektlərinin bərpası üçün tələb olunan məbləğin minimum 1 milyard dollar civarında olduğu qeyd edilir.