
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib.
Konsensus.az AZƏRTAC-a istinadən xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov dövlətimizin başçısına binada yaradılmış şərait barədə məlumat verib.
Paytaxtın Heydər Əliyev prospektində yerləşən və müasir şəhərsalma prinsiplərinə uyğun inşa edilmiş yeni bina yüksək funksionallığa və qabaqcıl texnoloji göstəricilərə malikdir.
Prezident İlham Əliyev açılış çərçivəsində milli pul nişanlarının konseptual yanaşmasının, dizayn xüsusiyyətlərinin və texnoloji inkişaf xəttinin müasir təqdimat üsulları ilə nümayiş olunduğu sərgiyə baxıb. Bildirilib ki, ekspozisiyada milli valyutanın tarixi, inkişaf mərhələləri, dizayn və mühafizə elementləri əks olunub.
35 mərtəbədən ibarət olan yeni inzibati binada ümumilikdə 1 300 nəfərlik iş sahəsi, konfrans və mətbuat zalları, müxtəlif təlim və toplantı otaqları yaradılıb. Layihələndirmə zamanı əlçatanlıq və inklüzivlik prinsiplərinə xüsusi diqqət yetirilib, fiziki məhdudiyyətli şəxslərin binaya rahat, təhlükəsiz girişi və sərbəst hərəkəti üçün zəruri infrastruktur qurulub.
Binada rəsmi görüş və toplantıların keçirilməsi üçün nəzərdə tutulan 25 otağın hamısı ən müasir avadanlıqlarla təchiz edilib. Yüksək keyfiyyət, təhlükəsizlik və dayanıqlı inkişaf standartlarına cavab verən binada qabaqcıl texnologiya və informasiya sistemləri quraşdırılıb. Burada, həmçinin əməkdaşların asudə vaxtının səmərəli təşkili məqsədilə istirahət məkanı yaradılıb, 340 nəfərlik yeməkxana və müxtəlif tədbirlərin keçirilməsi üçün hər baxımdan təminatlı 240 nəfərlik konfrans zalı istifadəyə verilib.
Gecə saatlarında binanın vizual tanınmasını təmin edən multimedia fasad sistemi müxtəlif işıq ssenarilərinin və proyeksiyaların tətbiqinə imkan verir. Fasad da daxil olmaqla, ərazinin və binanın işıqlandırılması hərəkət sensorlu LED texnologiyası ilə təchiz olunub ki, bu da öz növbəsində elektrik enerjisinə ciddi qənaət etməyə şərait yaradır.
