
Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulan Mədəniyyət Mərkəzində çıxış edən Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan və Ermənistan liderlərinin son görüşünü dəyərləndirib.
Konsensus.az xəbər verir ki, H.Hacıyev tərəflər arasında baş tutan müzakirələrin kifayət qədər konstruktiv mühitdə keçdiyini bildirib.
Prezidentin köməkçisi sülh prosesindəki prioritet məsələlərə diqqət çəkərək qeyd edib: “Hər iki tərəf sülh gündəliyini daha da irəli aparmaq, etimadın bərpası, regionda əlaqələndirmə və bağlantı da daxil olmaqla, ticarət əlaqələrinin inkişafı üçün ikitərəfli qarşılıqlı təmasda olmaq barədə razılığa gəlib”.
H.Hacıyev, həmçinin TRIPP konsepsiyasının inkişafı ilə bağlı müsbət siqnalların olduğunu vurğulayıb və layihənin reallaşdırılmasına tam sadiqlik nümayiş etdirdiklərinə görə amerikalı tərəfdaşlara minnətdarlığını bildirib. (AZƏRTAC)