
Azərbaycanda cinslərarası ən böyük fərq oxu savadlılığında qızların xeyrinə qeydə alınıb. Qızlar oğlanları 36 balla qabaqlayıblar. Buna baxmayaraq, qızların oxu nəticələri belə baza səviyyəsinin altındadır.
Konsensus.az xəbər verir ki, bu, PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr olunmuş tədbirdə açıqlanıb.
Məlumata görə, Azərbaycanda qızların nəticələri təbiət elmləri və oxu savadlılığı üzrə oğlanlardan yüksək, riyazi savadlılıq üzrə isə demək olar ki, eyni olub.
Belə ki, təbiət elmləri üzrə qızlar 416 bal, oğlanlar isə 402 bal toplayıb. Bununla da qızların nəticəsi oğlanlardan 13.6 bal yüksək olub. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində isə bu istiqamətdə fərq oğlanların xeyrinə 1.2 bal təşkil edib.

Oxu savadlılığı üzrə Azərbaycanda qızlar 392 bal, oğlanlar 356 bal toplayıblar. Nəticələr arasındakı fərq 36 bal olmaqla qızların xeyrinədir. İƏİT üzrə də qızlar üstün olub və fərq 29.6 bal təşkil edib.
Ən diqqətçəkən məqamlardan biri isə riyazi savadlılıq üzrə nəticələrdir. Azərbaycanda qızlar 423 bal, oğlanlar 422 bal toplayıblar. Beləliklə, cinslərarası fərq cəmi 0.8 bal olmaqla qızların xeyrinə olub. İƏİT ölkələrində isə riyazi savadlılıq üzrə oğlanlar qızları 13.1 bal qabaqlayıblar.
Tədbirdə vurğulanıb ki, cinslərarası ən böyük fərq qızların xeyrinə olmaqla oxu savadlılığında qeydə alınıb. Bununla belə, qızların oxu nəticələri də baza səviyyəsinin altındadır. Bu isə oxu istiqamətinə xüsusi diqqətin artırılmasının zəruriliyini göstərir.