
Misli Premyer Liqasının XXXIII turunda “Qarabağ” səfərdə “Sumqayıt” üzərində 4:3 hesablı qələbə qazanıb.
Konsensus.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmada Ağdam təmsilçisinin qollarını 3 və 64-cü dəqiqələrdə Ramil Şeydayev, 22-ci dəqiqədə Emmanuel Addai, 85-ci dəqiqədə isə Aleksey Kaşuk vurub. “Sumqayıt”ın heyətində Səbuhi Abdullazadə 53-cü, Rüstəm Əhmədzadə 76-cı, Emil Mustafayev isə 90+3-cü dəqiqədə fərqlənib.
Bu qələbə ilə xallarının sayını 69-a çatdıran “Qarabağ” mövsümü ikinci pillədə başa vurub. “Sumqayıt” isə 41 xalla yeddinci sırada qərarlaşıb.
Turun digər oyununda “Sabah” səfərdə “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Misli Premyer Liqasında mövsümə mayın 24-də yekun vurulacaq. XXXIII turun əvvəlki görüşündə “Qəbələ” “Şamaxı”nı 3:1 hesabı ilə üstələyib.