
AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Rəqəmsal tarix-etnologiya və süni intellekt şöbəsinin təşkilatçılığı ilə “Rəqəmsal elm dövrü: Qlobal reytinqlər” adlı növbəti elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə açan institutun elmi işlər, rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev 2026-cı ilin birinci yarısında rəqəmsallaşma və süni intellekt sahəsində görülən və planlaşdırılan işlər barədə məlumat verib. Tədbir çərçivəsində institutun elmi tədqiqat şöbələrinin süni intellekt üzrə koordinatorlarının hesabatları dinlənilib, elmmetrik bazalar, rəqəmsallaşma və süni intellekt üzrə müəyyən edilmiş mövzularla bağlı görülən işlər diqqətə çatdırılıb.
Seminarda Rəqəmsal tarix-etnologiya və süni intellekt şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Camalovanın “Qlobal və yerli reytinq platformaları: GSRR, SciRank Global, National H-index Ranking” adlı məruzəsi dinlənilib. Məruzədə alim reytinqləri, reytinq cədvəllərinin yaradılması kriteriyaları və növləri barədə ətraflı bəhs edilib. Eyni zamanda GSRR və SciRank Global reytinq platformaları, eləcə də Azərbaycanın National H-index Ranking platforması haqqında geniş məlumat verilib. Şöbə müdiri Azərbaycanın National H-index Ranking reytinq platformasında tədqiqatçıların qeydiyyat prosesini əyani şəkildə nümayiş etdirib Seminarda elmmetrik bazalarda tədqiqatçı profillərinin zənginləşdirilməsinin alim reytinqinə müsbət təsirləri xüsusi vurğulanıb. Mövzu ətrafında aparılan müzakirələrdən sonra iştirakçıların çoxsaylı sualları cavablandırılıb. Tədbirin sonunda növbəti elmi seminarın süni intellekt əsaslı təhlil mövzusuna həsr ediləcəyi bildirilib.
