
Rusiya ilə Ukrayna arasında davam edən müharibənin ərzaq bazarına təsiri yenidən güclənib. Son günlər qarşılıqlı hücumların intensivləşməsi dünya bazarında buğdanın qiymətinin nəzərəçarpacaq dərəcədə artmasına səbəb olub.
Konsensus.az xəbər verir ki, Ukraynanın pilotsuz uçan aparatlarının (PUA) Azov və Qara dənizdə Rusiyaya məxsus yük gəmilərinə zərbələr endirməsindən sonra Çikaqo Əmtəə Birjasında buğdanın qiyməti bir gündə təxminən 5 faiz bahalaşıb. Rusiyanın buna cavab olaraq Ukraynanın liman infrastrukturuna raket hücumları həyata keçirməsi isə bazarlarda narahatlığı daha da artırıb.
“Bloomberg”in məlumatına görə, iyulun 6-dan indiyədək dünya bazarında buğdanın qiyməti ümumilikdə 13 faiz yüksəlib. Hazırda bir buşel buğda 6,76 dollara, bir ton buğda isə təxminən 248,4 dollara satılır.
Məlumata əsasən, son doqquz gün ərzində Ukrayna Rusiyaya məxsus yükləri daşıyan 116 gəmini pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Bu hadisələr Qara dənizdə yükdaşımaların təhlükəsizliyi ilə bağlı narahatlıqları artıraraq kənd təsərrüfatı məhsullarının tədarükünə mənfi təsir göstərib.
Qeyd edək ki, Rusiya və Ukrayna Kanada və Qazaxıstanla yanaşı, dünyanın əsas buğda ixracatçıları sırasındadır. Müharibə fonunda hər iki ölkənin logistika və ixrac imkanlarının məhdudlaşması qlobal bazarda təklifin azalacağı ilə bağlı gözləntiləri gücləndirir.
Bundan başqa, Ukraynanın Rusiyanın neft emalı müəssisələrinə endirdiyi zərbələr nəticəsində bəzi bölgələrdə yanacaq qıtlığının yarandığı, bunun isə taxılın vaxtında yığılmasına mane olduğu bildirilir. Digər tərəfdən, Rusiyanın Ukrayna limanlarına raket hücumları ixrac marşrutlarını təhlükə altına salır. Mütəxəssislərin fikrincə, bu amillər dünya ərzaq bazarında qiymətlərin artımını sürətləndirən əsas səbəblərdən biridir.
Elvin