Səudiyyə Ərəbistanı husilərlə danışıqlara başlayıb – KİV

Səudiyyə Ərəbistanı husilərlə münaqişənin genişlənməsinin qarşısını almaq üçün diplomatik səylər göstərir.

Konsensus.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Ər-Riyad husilərlə Omanın vasitəçiliyi ilə danışıqlar aparır. Bununla yanaşı, danışıqların nəticəsiz qalacağı təqdirdə ölkədə hərbi ssenariyə də hazırlıq görülür.

Mənbələrin sözlərinə görə, ABŞ administrasiyasının rəsmiləri qapalı görüşlərdə Səudiyyə Ərəbistanını husilərin Qırmızı dənizdə gəmilərə hücumlarına genişmiqyaslı hərbi əməliyyatlarla cavab verməməyə çağırıblar. Vaşinqton hesab edir ki, eskalasiya beynəlxalq gəmiçiliyi daha da çətinləşdirə və enerji bazarlarında vəziyyəti pisləşdirə bilər.

Bundan əlavə, agentliyin məlumatına görə, münaqişənin dərinləşməsi Səudiyyə Ərəbistanını İranla qarşıdurmaya daha çox cəlb edə bilər.

Xatırladaq ki, iyulun 20-də husilər Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan ediblər. Bundan sonra Ər-Riyadın rəhbərlik etdiyi koalisiya Bab-əl-Məndəb boğazında ticarət gəmilərinin mühafizəsinə başladığını açıqlayıb. Daha sonra husilər blokadanın pozulmasına cavab olaraq iki Səudiyyə neft tankerinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiklərini bildiriblər.

04.08.2026 18:07