Samsunda Azərbaycan–Türkiyə səhiyyə və sağlamlıq turizmi əlaqələri müzakirə olunub

Türkiyənin Samsun şəhərində keçirilən III Beynəlxalq Samsun İkiztepe Sağlamlıq Sammiti və Şimali Anadolu Sağlamlıq və Tibbi Sərgisi Azərbaycan ilə Türkiyə arasında səhiyyə, sağlamlıq turizmi və mədəni əlaqələrin inkişafı baxımından mühüm platformaya çevrilib.

Oktyabrın 15–18-də Türkiyənin ASCON şirkətinin təşkilatçılığı ilə baş tutan beynəlxalq tədbirdə Azərbaycandan olan nümayəndə heyəti, turizm şirkətlərinin təmsilçiləri və media mənsubları iştirak ediblər. Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının sədri Ceyhun Aşurovun rəhbərlik etdiyi heyət tədbir çərçivəsində geniş tərkibli görüşlər keçirib. Sammitin əsas məqsədi səhiyyə, sağlamlıq turizmi və tibbi xidmətlər sahəsində beynəlxalq əməkdaşlığı genişləndirmək, yeni tərəfdaşlıqlar qurmaq və birgə layihələrin həyata keçirilməsi üçün zəmin yaratmaqdan ibarət olub.

Sammit çərçivəsində təşkil olunan B2B (biznesdən-biznesə) işgüzar görüşlərdə Azərbaycan və Türkiyə nümayəndələri arasında fikir mübadiləsi aparılıb, səhiyyə və turizm sahələrində qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub. Bu görüşlər yeni işgüzar əlaqələrin qurulması, təcrübə mübadiləsinin genişləndirilməsi və gələcək layihələr üçün imkanların müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Samsunun səhiyyə infrastrukturu ilə də yaxından tanış olub. Müasir tibbi imkanları ilə seçilən Samsun Şəhər Xəstəxanasına, eləcə də özəl tibb müəssisələrinə edilən səfərlər zamanı tibbi xidmətlərin təşkili, müasir texnologiyaların tətbiqi, xəstələrə göstərilən xidmətlərin səviyyəsi və sağlamlıq turizmi sahəsində mövcud imkanlar ətraflı öyrənilib.

Səfər proqramının mühüm hissəsini rəsmi görüşlər təşkil edib. Azərbaycan nümayəndə heyəti Samsun valisi Orhan Tavlı və Samsun Böyükşəhər Bələdiyyəsinin sədri Halit Doğan ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycan–Türkiyə münasibətlərinin inkişafı, səhiyyə və turizm sahələrində əlaqələrin genişləndirilməsi perspektivləri diqqət mərkəzində olub. Xüsusilə Samsun və Sumqayıt şəhərlərinin qardaşlaşmış şəhərlər olmasının turizm, səhiyyə, mədəniyyət və digər sahələrdə təcrübə mübadiləsinin artırılması üçün əlavə imkanlar yaratdığı vurğulanıb.

Sammit çərçivəsində keçirilən panel müzakirələrində Azərbaycan təmsilçiləri də məruzələrlə çıxış ediblər. Azərbaycan Dövlət Turizm Agentliyinin Mədəni İrs və Regional Turizmin İnkişafı şöbəsinin Mədəni İrsin İdarə Edilməsi sektorunun müdiri Rüstəm Mehtizadə ölkəmizin zəngin mədəni irsi və turizm imkanları barədə məlumat verib. Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının sədri Ceyhun Aşurov isə çıxışında ölkəmizin mineral və termal su ehtiyatlarından, bu resursların sağlamlıq turizminin inkişafında istifadəsi imkanlarından bəhs edib. Azərbaycanın təbii resurslarının və turizm potensialının beynəlxalq platformada təqdim olunması ölkəmizin sağlamlıq turizmi istiqamətində tanıdılması baxımından xüsusi rol oynayıb.

Tədbirin sonunda Azərbaycan nümayəndə heyətinin üzvlərinə sertifikatlar təqdim edilib. Səfər çərçivəsində iştirakçılar həmçinin Samsunun tarixi və mədəni məkanlarını, muzeylərini ziyarət edərək şəhərin zəngin irsi ilə yaxından tanış olmaq fürsəti əldə ediblər.

Ümumilikdə, Samsunda keçirilən beynəlxalq sammit və sərgi Azərbaycan ilə Türkiyə arasında səhiyyə və sağlamlıq turizmi sahələrində əməkdaşlığın genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və ölkəmizin turizm potensialının beynəlxalq müstəvidə təbliği baxımından mühüm addım olub.

21.10.2026 09:00