TBMM sədri: "Azərbaycanla Türkiyənin birliyi və qardaşlığının dünyada bənzəri yoxdur"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Konsensus.az xəbər verir ki, dövlətimizin başçısı TBMM sədrinin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirakının önəmini qeyd edib. Gələcəkdə ölkəmizdə İƏT çərçivəsində digər tədbirlərin də keçiriləcəyini bildirən Prezident İlham Əliyev İslam ölkələri arasında əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Səmimi qəbula və konfransın yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirən Numan Kurtulmuş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə təşəkkür edib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

Qonaq Bakıda keçirilən tədbirin İƏT çərçivəsində tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm rol oynadığını vurğulayaraq, Azərbaycan Prezidentinin konfrans iştirakçılarına ünvanladığı müraciətin proqram xarakterli və zəngin məzmunlu olduğunu qeyd edib.

Söhbət zamanı Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətinə toxunulub, ölkələrimiz arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası sahədə uğurla inkişaf etdiyi bildirilib. Dünyada Azərbaycan-Türkiyə birliyinin və qardaşlığının bənzərinin olmadığı xüsusi qeyd edilərək, bu münasibətlər müştərək sərvətimiz kimi qiymətləndirilib. Həmçinin iki ölkə arasındakı dostluğun Cənubi Qafqaz regionunda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsində mühüm amil olduğu diqqətə çatdırılıb.

Görüşdə qanunverici orqanlar arasında mövcud əməkdaşlığın vəziyyəti və onun daha da genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. (AZƏRTAC)

24.06.2026 10:50