
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür.
Konsensus.az xəbər verir ki, bu münasibətlə sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunur.
Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumuz torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşulub. Rəşadətli Azərbaycan Ordusu 30 il işğal altında qalan ərazilərimizi sürətlə düşməndən təmizləyib. Vətən müharibəsi həm də xalq-ordu-dövlət birliyinin ən parlaq təcəssümü kimi tariximizə həkk olunub.
Azərbaycan 44 gün davam edən müharibədə 2 908 nəfər şəhid verib, altı hərbçimiz isə itkin düşüb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.