
ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkə hesabında Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışına dair məqaləni paylaşıb.
Konsensus.az xəbər verir ki, sözügedən yazı "Breitbart News" nəşrinin müxbiri Coşua Kleyn tərəfindən qələmə alınıb. Məqalədə dövlət başçısının forum çərçivəsində jurnalistin suallarını cavablandırarkən səsləndirdiyi maraqlı fikirlər yer alıb. Yazıda Prezident İlham Əliyevin Donald Trampı "sülh adamı" adlandırması və Ermənistanla Azərbaycan arasında sülh prosesinə verdiyi töhfəyə görə ona təşəkkür etməsi xüsusi qeyd olunub. Eyni zamanda, Azərbaycan liderinin ABŞ-nin əvvəlki administrasiyalarının uzun illər ərzində münaqişəni həll etmək əvəzinə, onu dondurulmuş vəziyyətdə saxlamağa üstünlük verməsi ilə bağlı tənqidi fikirlərinə də yer verilib.
Qeyd edək ki, iyulun 13-14-də keçirilən IV Şuşa Qlobal Media Forumu "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunub. Genişmiqyaslı tədbirdə dünyanın 54 ölkəsindən 160-a yaxın rəsmi şəxs, ekspert və media nümayəndəsi iştirak edib. Forumda, həmçinin 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunub.
