WSJ: İran sentrifuqaları dərin dağaltı tunellərə köçürür – ABŞ və İsrail həyəcandadır

İsrail xüsusi xidmət orqanlarının məlumatına görə, Tehran ötən payız uranın zənginləşdirilməsi üçün nəzərdə tutulan minlərlə sentrifuqanı Pikaks dağının altındakı yeni yeraltı tunellərə köçürüb.

Konsensus.az xəbər verir ki, bu barədə ABŞ və İsrail rəsmilərinə istinadən "The Wall Street Journal" nəşri məlumat yayıb. Qəzet qeyd edir ki, İranın nüvə proqramını yeni gizli obyektdə bərpa edə biləcəyi ehtimalı Vaşinqton və Təl-Əvivin narahatlığını kəskin artırıb.

İsrailin ABŞ-yə təqdim etdiyi kəşfiyyat məlumatlarına əsasən, avadanlıqlar bazaya 2025-ci ilin iyunundakı 12 günlük müharibədən sonra – Natanz, Fordo və İsfahandakı nüvə mərkəzlərinin bombalanmasından sonra daşınıb. Növbəti gərginlik fonunda ABŞ Prezidenti Donald Tramp bu yeni dağaltı obyekti vuracağı ilə hədələyib. Pikaks dağı İranın mərkəzində, hücumlar zamanı zərər görmüş Natanz zavodundan cəmi 1.5 km aralıda yerləşir. Kolang dağı kimi də tanınan kompleks qayalıqların 100–150 metr dərinliyində tikildiyindən adi betondağıdıcı bombalara qarşı tam davamlıdır. 2020-ci ildən inşası gedən kompleks əvvəlki bombardmanlarda zərər görməyib. İyulun əvvəlində Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu (ISIS) peyk şəkillərinə əsasən yeraltı tunel girişlərində yük maşınlarının intensiv hərəkətini qeydə alıb. Ekspertlər bildirirlər ki, Tehran uranın zənginləşdirilməsi üçün ehtiyat yeraltı baza yaradılmasını yekunlaşdırmaq üzrədir.

21.07.2026 07:58