Xaçmaz və Qubada gənclər arasında ənənəvi ailə dəyərləri təşviq olunub

Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyi (DANİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ənənəvi Ailə Dəyərlərinin Gənclər arasında Təşviqi” layihəsi çərçivəsində Xaçmaz və Quba şəhərlərində maarifləndirmə tədbirləri keçirib.

konsensus.az xəbər verir ki, Xaçmaz şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Səadət Quliyeva layihənin aktuallığından, ailə dəyərlərinin təbliği istiqamətində görülən işlərdən və ictimai maarifləndirmənin əhəmiyyətindən danışıb.

Tədbirdə geniş məruzə ilə çıxış edən layihənin eksperti, Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov bildirib ki, milli-mənəvi normalara söykənən ənənəvi ailə dəyərlərinin doğru və dərindən mənimsənilməsi dövlətin nüvəsi sayılan ailələrin qorunmasında mühüm rol oynayır. Ə.Niyazov gənclərin ailəyə münasibətində milli köklərə bağlılığın təşviqi və bu dəyərlərin ictimai şüurda möhkəmlənməsi üçün kompleks fəaliyyət mexanizmlərinə dair fikirlərini bölüşüb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında təşkil olunan toplantıda layihənin digər eksperti, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev məruzə ilə çıxış edib. O, Azərbaycan ailələrinin ənənəvi dəyərləri, milli ailə modelinin əhəmiyyəti, milli-mənəvi dəyərlərdən uzaqlaşmağın ictimai, sosioloji və kulturoloji fəsadları, eləcə də qlobal liberal təbliğat qarşısında ənənəvi ailə institutunun aşınmasının qarşısının alınmasının vacibliyini vurğulayıb. Filialın müəllim və tələbələri də çıxış edərək ailə institutu ilə bağlı mövcud mənfi sosioloji göstəricilərin yaxşılaşdırılması üçün zəruri addımlardan danışıblar.

Hər iki tədbirdə çıxış edən DANİB sədri Elməddin Behbud QHT Agentliyinin ictimai təşəbbüslərə verdiyi dəstəkdən və cəmiyyəti narahat edən problemlərin həllinə yönəlmiş layihələrdən bəhs edib. Təşkilat rəhbəri milli və mühafizəkar düşüncənin ailələrin qorunmasındakı rolu, qeyri-ənənəvi sosial modellərin yaratdığı təhlükələr və gənclərin üzərinə düşən məsuliyyəti diqqətə çatdırıb.

Qeyd edək ki, layihə çərçivəsində iki maarifləndirici televiziya verilişi də hazırlanaraq efirdə yayımlanıb.

19.07.2026 12:00