
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində tanınmış rəssam Vüqar Quliyevin “Tənhalığın Sədaları” adlı fərdi rəsm sərgisi keçirilib.
Konsensus.az xəbər verir ki, sərgidə sənətçinin 2025–2026-cı illərdə ərsəyə gətirdiyi 17 əsər nümayiş olunub. Müasir həyatın müşahidələrindən bəhrələnən bu kompozisiyalarda əlaqə və məsafə, varlıq və yoxluq, tənhalıq, həsrət, qeyri-müəyyənlik və dözümlülük kimi dərin fəlsəfi mövzular öz əksini tapıb. Rəng həlli, simvolizm və yaratdığı xüsusi atmosferlə seçilən əsərlər ziyarətçilərdə böyük maraq doğurub, onları fərqli düşüncələrə və şəxsi assosiasiyalara sövq edib.
Tədbir çərçivəsində Vüqar Quliyevin iştirakı ilə interaktiv sual-cavab görüşü də təşkil olunub. Ziyarətçilər əsərlərin yaranma ideyası, mövzu seçimi və sənətçinin yaradıcılıq filosofiyası ilə bağlı suallarına cavab tapıblar.
Möhtəşəm sənət bayramında Azərbaycandan Vaşinqtona səfər edən “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev, “Ekoloji Dayanıqlılıq və Təbiətin Qorunması” İctimai Birliyinin sədri Vasif Həsənli və gənc iş adamı Fuad Heydərli, həmçinin ABŞ-da yaşayan soydaşlarımız iştirak ediblər.
Azərbaycanın müxtəlif sahələrini təmsil edən qonaqların və diaspor nümayəndələrinin bir araya gəlməsi tədbirə özəl ruh qatıb. Ziyarətçilər sərginin yüksək səviyyədə təşkil olunduğunu və əsərlərin dərin təsir bağışladığını vurğulayıblar.
Qeyd edək ki, “Tənhalığın Sədaları” rəsm sərgisi sentyabrın 6-dək Vaşinqtonda ziyarətçilər üçün açıq olacaq.
(Öndər TV – Vaşinqton)
