
Qlobal enerjidaşıyıcı qıtlığı və İranla davam edən müharibə səbəbindən ABŞ-nin strateji neft ehtiyatları 1982-ci ildən bu yana qeydə alınan ən aşağı həddə düşüb.
Konsensus.az xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.
Məlumata görə, son bir həftə ərzində ehtiyatlar 3 milyon bareldən çox azalaraq 286,6 milyon barelə enib. Bu göstərici anbarların ümumi tutumunun təxminən 40%-ni təşkil edir. Qlobal bazarda neft tədarükünün kəskin kəsilməsi ABŞ-də benzinin qalonunun qiymətini 4 dollardan yuxarı qaldırıb və ölkədə inflyasiyanı sürətləndirib.
Çərşənbə axşamı neftin bir barelinin qiyməti 92 dolları ötüb. Qiymət artımına bazar ertəsi axşam Oman sahillərində neft tankerinin hücuma Məruz qalması barədə xəbərlər də təsir edib.
Telekanal xatırladır ki, ABŞ-nin Strateji Neft Ehtiyatı (SPR) 1970-ci illərin əvvəllərində ərəb ölkələrinin səbəb olduğu enerji böhranı və neft embarqosundan sonra yaradılıb. Məqsəd ölkəni qəfil tədarük qıtlığından qorumaqdır. Ümumi tutumu 714 milyon barelə çatan bu ehtiyatlar Luiziana və Texas ştatlarında, Meksika körfəzi sahillərindəki yüksək mühafizə olunan yeraltı duz mağaralarında saxlanılır.
ABŞ prezidenti Enerji Siyasəti və Əmanətlərin Qorunması Qanunu çərçivəsində ehtiyatlardan istifadə etmək üçün geniş səlahiyyətlərə malikdir. Belə hallarda neft açıq bazara çıxarılır ki, bu da nəzəri olaraq təklifi artıraraq qiymətləri sabitləşdirməlidir.
Cari ilin mart ayında Beynəlxalq Enerji Agentliyinə (BEA) üzv ölkələr ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda bazarda sabitliyi təmin etmək üçün fövqəladə ehtiyatlardan 400 milyon barel neft ayırmaq barədə razılığa gəliblər. ABŞ Energetika Nazirliyi Vaşinqton administrasiyasının 120 gün ərzində strateji ehtiyatdan ümumilikdə 172 milyon barel neft buraxacağını açıqlayıb.
İranla müharibədən əvvəl ABŞ strateji ehtiyatlardan təcili istifadəyə cəmi dörd dəfə müraciət etmişdi. Sonuncu belə hal 2022-ci ilin martında, neft qiymətlərinin kəskin artması fonunda Prezident Co Baydenin altı ay ərzində bazara 180 milyon barel neft çıxarılması barədə göstəriş verdiyi vaxt baş vermişdi.